Bakıda məşhur gecə klublarının rəhbərləri həbs edilib

03 Avqust 2021 - 12:06

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.