Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı açıqlama

31 Oktyabr 2021 - 11:45

Fotoqraf Elxan Qəniyev Bakıda kimsəsiz şəxslə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, 1960-cı il təvəllüdlü Ağayev Rüstəm Həsənağa oğlu üç ildir ailəsi tərəfindən atılıb.

O, üç ildir “Sahil” metrostansiyasının çıxışında yaşayır:

“Baxdıqda, danışdıqda öz həyatında bir dönüş nöqtəsi olmasını arzulayır və gözlər dolur. Bu, mənim həyatımda gördüyüm ən çarəsiz göz yaşlar idi. Onun tək istəyi 62 yaşında bu soyuqda qalmamaq, sadəcə, qocalar evinə yerləşdirilməsidir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məsələyə reaksiya verib. O qeyd edib ki, məsələ barədə müraciət Sosial Xidmətlər Agentliyində qeydə alınaraq aidiyyəti filiala yönləndirilib:

“Əməkdaşlarımız əraziyə göndəriləcəklər. Razılığı olarsa, sığınacağa cəlbi və digər sosial xidmətlərdən yararlanması üçün əlimizdən gələni edəcəyik”.