Bakıda onlayn qumarxana təşkil edən şəbəkə ifşa edildi –10 milyon manatlıq dövriyyə: 5 nəfər həbs edildi

Kazino
Kazino

Azərbaycanda qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən dəstəyə qarşı əməliyyat keçirilib. İstintaq nəticəsində “Xbet” və “MostBet” platformaları üzərindən 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsinin həyata keçirildiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunlarının təşkilinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in məlumatına görə, kiberpolisin keçirdiyi əməliyyat nəticəsində Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərlik etdiyi dəstə ifşa edilib. Araşdırma zamanı onların ölkədə fəaliyyəti qadağan olunmuş “Xbet” və “MostBet” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyənləşdirilib.

Telegram-da “AzeCash” səhifəsi yaradıblar

İstintaq materiallarına əsasən, şübhəli şəxslər “Telegram” platformasında “AzeCash” adlı səhifə yaradaraq qanunsuz onlayn mərc və kazino oyunlarını təşkil ediblər.

Bunun üçün paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürülüb. Həmin ünvanda işçilər yerləşdirilib, onlara fəaliyyət üçün zəruri texniki vasitələr, bank kartları və mobil telefonlar təqdim olunub.

Əməliyyatların davamı olaraq Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb. Onların Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsində olduqları ehtimal edilir.

10 milyon manatlıq maliyyə dövriyyəsi

İstintaq zamanı daha ciddi maliyyə detalları da üzə çıxıb. DİN bildirir ki, dəstə üzvləri “Xbet” və “MostBet” platformaları vasitəsilə əldə etdikləri külli miqdarda vəsaiti müxtəlif üsullarla leqallaşdırıblar.

Ümumilikdə qanunsuz mərc və qumar oyunlarının təşkili nəticəsində 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirildiyi müəyyən olunub.

Faktla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Zaur və Fuad Nərimanovlara, həmçinin digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs və digər növ qətimkan tədbirləri seçilib.

DİN-dən vətəndaşlara xəbərdarlıq

Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə və müxtəlif internet platformalarında təklif olunan qanunsuz mərc və kazino oyunlarından uzaq durmağa çağırıb.

Nazirlik “Xbet”, “MostBet” və digər qanunsuz mərc platformalarında iştirakın da qanunvericiliyə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yarada biləcəyini xatırladıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.