Bakıda həyata keçirilən yeni metro xətləri və avtomobil yol layihələri paytaxtın daşınmaz əmlak bazarında ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.
Azpost.info bildirir ki, nəqliyyat infrastrukturunun genişlənməsi adətən şəhərin “qiymət xəritəsini” yenidən formalaşdırır və yeni investisiya zonaları yaradır.
Ekspertlərin fikrincə, metro və əsas yol infrastrukturuna yaxın ərazilərdə mənzil qiymətləri orta və uzunmüddətli dövrdə 10–30% aralığında artım potensialına malikdir.
Bakıda hansı metro layihələri planlaşdırılır?
Rəsmi açıqlamalara əsasən, Bakı metropoliteninin inkişafı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində genişləndirilir. Planlara görə 10 yeni metro stansiyasının inşası nəzərdə tutulur.
“Yaşıl xətt” üzrə Ağ şəhər və Yeni Günəşli istiqamətində genişlənmə planlaşdırılır, “Bənövşəyi xətt” üzrə Xətai, Babək prospekti və şəhərin mərkəzi hissələrinə yeni çıxışlar yaradılacaq. “Qırmızı” və “Yaşıl xətt”lərin daha effektiv inteqrasiyası üçün yeni keçidlər inşa olunacaq.
Bununla paralel, yeni yol layihələri də şəhərin şimal və şərq istiqamətində hərəkət axınını dəyişəcək. AYNA-nın məlumatına görə, bir sıra magistral yolların 2026–2027-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.
Daşınmaz əmlak üzrə ekspertlərin ümumi fikrinə görə, metro və əsas yol infrastrukturu hər zaman üç əsas təsir yaradır:
Əlçatanlığın artması: Şəhər mərkəzinə vaxt azalır.
İnvestisiya marağı: Tikinti şirkətləri həmin zonalara yönəlir.
Kirayə tələbinin artması: Tələb artdıqca qiymət yüksəlir.
Əmlak analitiklərini fikrincə, metro xətti elan edilən ərazilərdə qiymətlər adətən tikinti başlamadan belə reaksiya verir. Ən böyük artım isə stansiya açılışına yaxın mərhələdə baş verir.
Hansı rayonlar daha çox bahalaşa bilər?
Xətai və Ağ Şəhər zonası: Bura “Bənövşəyi xətt”in əsas inkişaf istiqamətidir. Ərazidə yeni iş yerləri və yaşayış kompleksləri, premium mənzil bazarı formalaşır. Proqnoza görə, yüksək qiymət artımı və “elit zona” statusunun güclənməsi bahalaşma üçün stimul verəcək.
Yeni Günəşli – Köhnə Günəşli: “Yaşıl xətt” üzrə genişlənmə perspektivi bahalaşma perspektivi vəd edir. Bura uzun illər nisbətən ucuz bazar olub. Amma metro xətti ilə yeni stansiyalarla əlçatanlıq artacaq. Proqnoza görə, bu ərazi orta təbəqə üçün ən çox bahalaşacaq zonalardan biri olacaq.
Babək prospekti- NZS istiqaməti: Bura sənaye zonalarının transformasiyası gözlənilir. Yeni metro və yol kəsişmələri, köhnə sənaye ərazilərinin “yaşayış zonasına çevrilməsi” sürətli dəyər artımı potensialı vəd edir.
Binəqədi və Dərnəgül istiqamətində ərazilər də bahalaşacaq. Şəhərin şimal giriş hissəsi kimi logistika və yeni yol layihələri, metro genişlənmə planları ilə bağlı gözləntilər buranı uzunmüddətli investisiya zonası kimi perspektiv yaradır.
Əmlak bazarı üzrə mütəxəssislərin fikrincə, metro layihələri elan olunan zonalarda qiymətlər əvvəlcədən artır, tikinti mərhələsində artım daha da sürətlənir. Stansiya istifadəyə veriləndən sonra bazar stabilləşir. İqtisadçılar hesab edir ki, nəqliyyat infrastrukturu dəyişiklikləri Bakı kimi şəhərlərdə daşınmaz əmlakınqiymətlərinə ən güclü təsir faktorudur.
Hansı ərazilər “qızıl zona”ya çevrilir?
Bakıda yeni metro və yol layihələri nəticəsində ən böyük dəyər artımı gözlənilən istiqamətlər Xətai – Ağ Şəhər, Yeni Günəşli – Köhnə Günəşli, Babək prospekti, Binəqədi – Dərnəgül olacaq.
Ən real ssenari odur ki, növbəti 3–5 il ərzində bu ərazilərdə mənzil qiymətləri orta bazardan daha sürətli artacaq və yeni “premium olmayan, amma yüksək tələbli” zonalar formalaşacaq.
Samir Abdulla