Bakıda zibili eşşək arabası ilə daşıyırlar- "Beş manatdan pul yığırıq" (VİDEO)

Zirə qəsəbəsində zibil problemi gündəmə gəlib. Sosial şəbəkədə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub.
AzPost Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:
“Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. Beş manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”
Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən bildirilib ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmırlar. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstəriblər.
İcra hakimiyyətindən isə qeyd olunub ki, ümumiyyətlə, zibil yığmaq onların səlahiyyətində deyil:
“Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın”.

Yayılan görüntülərlə bağlıOxu.Az-ın sorğusuna cavab olaraq Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, Xəzər rayonu ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir.

“Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.

Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.

Bununla əlaqədar, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb”, – məlumatda bildirilib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.