Bakının Baş Planı layihəsi ilə ictimai tanışlıq prosesi başlayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Bakı şəhərinin Baş Planı layihəsi ilə ictimai tanışlıq prosesinə başlayır.

Bakı şəhərinin Baş Planının ilkin layihəsi 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə virtual sərgi formatında təqdim edilib.

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində tanış olmaq mümkündür.

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib. 2-ci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilib.

Həmçinin, Baş planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilib.

Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Baş planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın təxribatı nəticəsində 43 mülki şəxs həlak olub-

Sonrakı məqalə

Vaşinqtonda azərbaycanlıların ordumuza dəstək aksiyası keçirilib –