Bakının bəzi yollarında yaranmış problemlər sürücülərin narahatlığına səbəb olur. AzPost xəbər verir ki, Bibiheybət məscidindən sonrakı döngədə bir neçə ay əvvəl baş verən qəza nəticəsində dağılan arakəsmələr hələ də bərpa edilməyib. Sakinlərin sözlərinə görə, bu vəziyyət həm gecə, həm də yağışlı hava şəraitində ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı AzPost-a izləyicimiz Murad Əhəd müraciət edib. O bildirir ki, qəza baş verən ərazidə uzun müddətdir təmir işləri aparılmır və yol hərəkəti üçün zəruri olan nişanlar da quraşdırılmayıb. “Döngə olduğunu bildirən nişanlar yoxdur. Yolu tanımayan sürücülər buranı normal yol kimi qəbul edib qəza şəraiti yarada bilərlər”, – deyə izləyicimiz qeyd edib.
Eyni vəziyyət Bakı dairəvi avtomobil yolunda da müşahidə olunur. Burada da yol arakəsmələrinin bərpa olunmaması və döngələrdə xəbərdarlıq nişanlarının olmaması ciddi narahatlıq doğurur. Sürücülər bildirirlər ki, belə vəziyyətlər qəzalara zəmin yaradır və məsul qurumlar dərhal tədbir görməlidir.
Sakinlərin tələbi odur ki, sözügedən ərazilərdə bərpa işləri aparılsın, dönmə nişanları quraşdırılsın və yollarda təhlükəsizlik tam təmin edilsin.