“Bakıya gəlmək, gənclərinizi dəyişikliklərə ruhlandırmaq istərdim” –Nelson Mandelanın nəvəsi (MÜSAHİBƏ)

Cənubi Afrika Respublikasının (CAR) keçmiş Prezidenti, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, demokratiya, azadlıq simvolu, Nobel mükafatı laureatı Nelson Mandelanın nəvəsi Ndaba Mandela Azərbaycanın onlyan qəzeti olan HafizTimes.com –un suallarını cavablandırıb.

 O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib,  Azərbaycanla bağlı fikirlərini ifadə edib.

 Ndaba Mandela – İctimai fəal, insan hüquqları müdafiəçisidir. “Africa Rising Foundation”nin həmtəsisçisi, rəhbəridir. HIV/AIDS diskriminasiyasının sona çatması üzrə UNAİDS-də çalışan ən uzun müddətli səfirdir. “Going to the Mountain: Life Lessons from My Grandfather, Nelson Mandela” kitabının müəllifidir. 

 

Azpost.info Ndaba Mandela ilə özəl müsahibəni  təqdim edir:

– Cənubi Afrikada Yohannesburq, Soweto şəhərində anadan olmuşam. Pretoria Universitetində Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Uşaqlıq illərim xoş keçib. Şərqi Keyp əyalətində Cofimvaba adlı kiçik bir qəsəbədə nənəmlə birlikdə böyüdüm. Orada isə çatışmayan heç nə yox idi. Bir az yaşım artanda Durbana köçdüm. Sisulu ailəsi ilə yaşadım. Evdə çox adam yaşayırdı. Bir il sonra Sowetoya köçdüm və bu müddət ərzində valideynlərimin yanında yaşadım. Bütün standartlara görə kasıb idim. Qida, pul və s. kimi ümumi şeylər çatışmırdı. Amma ailəm hər zaman əmin idi ki, mən məktəbə gedirəm.

-Nelson Mandellanın nəvəsi kimi böyümək necə idi?

-Babamla ilk dəfə həbsxanadan çıxmadan öncə görüşdüm. O, həbsxanadan çıxanda çox sevinirdik. Bundan sonra həyatım yenidən normallaşdı. 1993-cü ildə o, məni özü ilə yaşamağa apardı. Bundan sonra mənim üçün hər şey dəyişdi. Onun yanında böyümək yaxşı idi. Məktəbə getməyimə çox ciddi yanaşırdı. Məktəbdə yaxşı qiymətlər almağımı istəyirdi. Və həmçinin də otağımın səliqəli olmasını tələb edirdi. O, mənə insanlarla necə rəftar etməyi, yaxşı bir liderin nə etməli yaxud da etməməli olduğunu öyrətdi. Təvazökar olun, bir kitabı üz örtüyünə görə mühakimə etməyin.

-Nelson Mandela ailəsinin üzvü olmağın ən böyük çətinliyi nə idi?

-Babamız prezident olduğu dövrüdə həmişə diqqət mərkəzində idik. Yalnız ictimai bir şey edə bilməzsən və “düzgün” davranmalısan və s.

-Siz üçün Nelson Mandela kimdir?

-O, mənim atam, babam, yol göstərənim, şimal ulduzum idi. O, məni bu gün olduğum adam etdi.

– “Mandela” soyadı həyatınıza nələr bəxş etdi?

-Bu soyad mənim həyatıma xalqımdan və ümumiyyətlə dünyadan böyük gözləntilər əlavə etdi. Qapıları aça bilərik. Eyni zamanda sizdən də gözlənilir ki, insanların həyatını daha da yaxşılaşdırmaq üçün gözəl işlər həyata keçirin.

Buna görə də mənə çox təzyiq göstərdi. Amma bu mənim üçün yeni bir şey deyil. Çünki mən 8-9 yaşım olanda böyümüşəm. Bu soyad şəxsi həyatımda da uğur qazanmaqla yanaşı, digər insanlar, xüsusən gənclərlə daha çox birlikdə  olmaq üçün mənə bir fürsət bəxş edib.

-Babanızın həyatını yaşamaq istərdiniz?

Xeyr, qətiyyən.  Yaşadığım ili və zamanı bəyənirəm. Babamın həyatı çox ağır idi. Həyatın və tarixin müxtəlif dövrlərində yaşamaqla əlaqədar olaraq bəzi müsbət və mənfi problemlər vardı. Mən 27 ilimi heç vaxt həbsdə keçirə bilmərəm. Bu mənim üçün çox olar.

 -Nelson Mandella olmaq üçün nəyə sahib olmaq lazımdır?

-Hər zaman lazım olan şey təvazökarlıq, intizam, dürüstlük və cəsarət, cəmiyyətin inkişafına xidmət edən vizyon, ehtiras, mərhəmət və xidmət liderliyi. (Sualın müəllifi Taleh Şahməmmədlidir)

-Babanız Nelson Mandela ilə bağlı ən unudulmaz xatirəniz nədir?

Bunlardan biri onun ABŞ-ın İraqa hücum etməsinə qarşı çıxış etməsidir. Bu hadisə baş verəndə o, həddindən çox qəzəblənmişdi. Cənubi Afrika yayım stansiyasına getdi və dedi: “BMT mütəxəssisləri kütləvi qırğın silahlarının olmadığı qənaətinə gəlsələr də, ABŞ niyə İraqa hücum etmək qərarını verdi. Çünki onlar ilk dəfə bir afrikalı tərəfindən idarə edildiyi üçün BMT-yə zərər vururdular”. Bu çıxış onun Amerikanın  İraqı açıq-aşkar işğal etməsinə qarşı olan qəzəbini  və afrikalı qardaşı Kofi Annanla həmrəy olduğunu göstərirdi.

-Nelson Mandela evdə, ailədə, baba kimi necə biri idi?

-Biz onu sevinclə Madiba deyə çağırırdıq. Şən, yaxşı bir insan idi. Hər səhər yeməyindən sonra qəzetləri oxuyurdu. Nəvələrini və təhsili çox sevirdi. Uşaqların hamısının məktəbdə yaxşı oxumalarını istəyirdi. Çünki bir çox uşağın yaxşı məktəbdə oxumaq imkanları yox idi. Əhval-ruhiyyəsi yaxşı olanda hekayə danışmağı da sevirdi.

-Babanızın uğur sirri nə idi?

-Həqiqətən də bilmirəm. O həmişə bəlkə də hazırlıqlı idi, insanları sevən və cəmiyyətimizi daha da yaxşılaşdırmaq istəyən və öz ixtiyarında olan mənbələrdən necə istifadə etməyi bacaran həqiqi bir lider idi.

Nelson Mandelanın ən böyük faciəsi nə idi?

-Düşünürəm ki, bunlardan biri qəza zamanı oğlunu itirməsidir. Həmin vaxt o həbsdə idi. Oğlu ilə vidalaşa bilmirdi. O, həbsdən çıxanda ikinci oğlunu da (mənim atam) itirdi. O, HIV/AIDS-ə yoluxmuşdu.

-Azadlıq və demokratiya uğrunda həbs edilənlərə siz nə demək istərsiniz?

-Ümidinizdən imtina etməyin. Həqiqət həmişə ortaya çıxacaq və bizi azad edəcək.

-Demokratiya sizin üçün nə deməkdir?

-Xalq öz liderini seçir, 18 yaşdan yuxarı hər kəsin səsvermə hüququ var. Qanunun aliliyi qorunmalıdır, heç kim qanundan üstün deyil. Hər kəsin insan hüquqlarından istifadə etmək hüququ var. Hər kəsin yaxşı təhsil almaq, qanuni təmsil olunmaq hüququ var.

Nelson Mandela kimi demokrat olmaq istərdiniz?

-Mən də onlardan biriyəm. 

 -Məqsədinizə çatmaq üçün nələr edə bilərsiniz?

-Bütün yol boyunca gedin. Amma bu yolun qanuni olduğuna əmin olun.

Nelson Mandelanın nəvəsinin bu gün ən böyük çətinliyi nədir?

-Düşünürəm ki, diqqəti vacib olanlara  yönəltmək lazımdır. Bütün yeni texnologiyalar və sosial medianın gətirdiyi problemlərlə diqqəti yayındırmamalıyıq.

-Siz azadsınızmı? Azadlığın sərhədi var?

-İstədiyim qədər azadam. Ancaq azadlığın məsuliyyətlərlə gəldiyini xatırlayaq. Babamın bir sitatı: “Azad olmaq sadəcə zəncirləri qırmaq deyil, başqalarının azadlığını artıran və qoruyan bir formada yaşamaqdır”.

-Afrikada vəziyyət nə vaxt yaxşı olacaq?

-Xalqın qayğısına qalan düzgün liderləri seçdiyimiz zaman. Hazırda mövcud liderlərin çoxunu yola salanda və yeni nəsil afrikalı liderlərə yol açanda hər şey yaxşı olacaq.

Sizcə rasizm kimə xidmət edir?

-Yalnız ağ insanlara.

-Sizcə prezident necə olmalıdır?

-Güclü olmalı və öz gücünü xalqının vəziyyətinin yaxşılaşması üçün mənalı şəkildə istifadə edə bilməlidir. Dəyərlərində və prinsiplərində güclü olmalı, xalqını sevməli və bacardığı qədər xalqına xidmət etməlidirlər. Ləyaqətli və sadə olmalıdırlar, ekstravaqant həyat tərzi yaşamamalıdırlar. Hər zaman təvazökar olmalıdırlar

-Hazırda dünyaya ən böyük mesajınız nə olar?

-Heç kim nifrətdən doğulmaz. Əgər bir insan digər insana nifrət etməyi öyrədə bilirsə, demək ona sevməyi də öyrətmək olar. Çünki insanın təbiətinə sevgi nifrətdən daha çox təbii gəlir (Nelson Mandela). Oradakı gənclərə demək istəyirəm ki, xəyal qurun. Xəyallardan qorxmayın.

Din barədə nə düşünürsünüz?

-Mən dindar deyiləm, spiritualam.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərik. Azərbaycana səfər etmək istərsiniz?

-Bir gün sizin ölkəyə səfər etmək, tarixiniz haqqında öyrəmək və bütün gözəl yerləri və insanları görmək, kollecdə çıxış etmək və gəncləri dünyada görmək istədikləri dəyişiklikləri etmək üçün ruhlandırımaq istərdim.

Azərbaycanda sizin ailənizi sevənlərə, gənclərə nə demək istərsiniz?

-Çox sağ olun deyirəm. Ailəmi təmsil etmək və sizin kimi ilham vermək fürsətinə sahib olmaq böyük bir qürurdur. Ümid edirəm ki, ölkənizin gəncləri problemləri həll etmək üçün birlikdə çalışırlar. Unutmayın ki, düzgün iş görməyə həmişə vaxt yetişir. Beləliklə, cəsarətli olaq və xəyallarımızı gerçəkləşdirmək üçün çalışaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan gələnlərin müayinəsi üçün çadırlardan ibarət səyyar hospitallar yaradılır –

Sonrakı məqalə

Ceki Çan: