“Banklara “yaxşı oğlan”, “pis oğlan” kimi baxmaq doğru deyil”– Deputatdan Maliyyə Nazirliyinə etiraz

Bələdiyyələr
Bələdiyyələr

“Maliyyə Nazirliyinin depozit hərraclarında selektiv yanaşması arzuolunan deyil və diskrimansiya effekti yaradır”.

AzPost bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Nazirliyin banklarda yenidən depozit yerləşdirməsi barədə məlumatını şərh edərkən bildirib.

Qeyd edək ki, Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.  Qurum 500,0 milyon manat həcmində sərbəst qalığını ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.

Bu  dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb.

V.Bayramov bank sayında seçim yanaşmasına etiraz edib: “Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır.  Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.  Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq “böyüklük ilə az risklik” arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir”.

Deputat deyib ki, son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə  bağlı yeni yanaşma nümayiş etdirilir. “Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə  bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.