Rusiyanın Mıtişçi şəhərində nadir tibbi əməliyyat həyata keçirilib. AzPost xəbər verir ki, barmaq oynağı sınığı ilə xəstəxanaya yerləşdirilən kişiyə fərdi şəkildə 3D printerlə çap olunmuş titan protez yerləşdirilib.
Xəstə sağ əlinin üçüncü barmağının ciddi intraartikulyar sınığı ilə müraciət edib və bu tip zədə standart müalicə üsullarına tabe olmayıb. Ənənəvi protezləşmə barmağın qısalmasına və funksionallığını itirməsinə səbəb ola bilərdi. Bu səbəbdən həkimlər müasir texnologiyaya – fərdi endoprotezin hazırlanmasına üstünlük veriblər.
Protezin əsas hissəsi xüsusi titan tozundan 3D printerdə çap edilib. Onun ölçüsü və forması xəstənin anatomiyasına tam uyğunlaşdırılıb. Biomühəndislər bu prosesi dəqiqliklə icra ediblər və bütün parametrlərə nəzarət olunub.