Barmaqları çırtlatmaq zərərlidir? –50 illik eksperiment həqiqəti ortaya çıxardı

Barmaqları çırtlatmaq vərdişi, geniş yayılmış mifə baxmayaraq, öz-özlüyündə artritin yaranmasına səbəb hesab edilmir. Lakin barmaqları həddindən artıq sərt hərəkətlərlə çırtlatmaq və xüsusi olaraq səs çıxarmağa çalışmaq oynaqlara, bağlara və vətərlərə zərər verə bilər.

Bu barədə BBC telekanalı məlumat yayıb.

50 illik eksperiment

Amerikalı həkim Donald Unger maraqlı bir eksperiment aparıb. O, 50 il ərzində yalnız sol əlindəki barmaqlarını mütəmadi olaraq çırtladıb, sağ əlində isə bunu etməyib. Həkimin 72 yaşı tamam olduqda çəkilən rentgen müayinəsi nəticəsində nə artrit, nə də iki əl arasında ciddi fərq aşkarlanıb.

Tək bir insanın iştirakı ilə aparıldığı üçün bu təcrübəni tammiqyaslı elmi araşdırma hesab etmək mümkün deyil. Bununla belə, barmaq çırtlatmaq kifayət qədər geniş yayılmış vərdişdir. Müxtəlif hesablamalara görə, insanların 20-50 faizi bunu edir.

Barmaqlar çırtladıqda oynaqda nə baş verir?

Oynaqların üzəri sümüklər arasındakı sürtünməni azaldan sinovial maye ilə örtülüdür. Barmaq dartıldıqda və ya büküldükdə oynaq boşluğu bir qədər genişlənir və daxildəki təzyiq azalır.

Nəticədə mayedə həll olmuş qazlar qabarcıqlar əmələ gətirir. Məhz bu qabarcıqların yaranması və sonradan dağılması xarakterik “çırt” səsinin meydana gəlməsinə səbəb olur.

Mançester Universitetinin revmatoloqu Kimmi Hayrix bildirib ki, belə səsin yaranması orqanizmin adi fizioloji reaksiyasıdır.

Barmaq çırtlatmaq artrit yaradır?

Osteoartrit oynaqlardakı qığırdağın tədricən dağılması ilə xarakterizə olunur. Mövcud elmi məlumatlar bu xəstəliklə barmaq çırtlatmaq vərdişi arasında əlaqə göstərmir.

Həkimlərin istinad etdiyi araşdırmalardan birində, 1975-ci ildə aparılan tədqiqatda, barmaqlarını çırtlatmaq vərdişi olan və olmayan yaşlı insanlarda degenerativ artritin təxminən eyni tezlikdə müşahidə edildiyi müəyyənləşdirilib.

Daha sonra 215 osteoartrit xəstəsinin iştirakı ilə aparılan başqa bir araşdırmada da xəstəliyin yaranma riskinin barmaq çırtlatmağın müddəti və ya tezliyi ilə əlaqəsi aşkarlanmayıb.

Əl gücünü də azaldırmı?

Bu məsələdə də elmi nəticələr birmənalı deyil.

1990-cı ildə aparılan bir araşdırmada barmaqlarını tez-tez çırtladan insanlarda daha zəif əl tutuşu və əllərdə daha çox şişkinlik müşahidə edildiyi bildirilmişdi. Lakin 2017-ci ildə aparılan daha sonrakı araşdırma bu nəticələri təsdiqləməyib.

Ümumilikdə elmi məlumatlar barmaq çırtlatmaqla artrit, oynaq funksiyasının zəifləməsi və ya əl gücünün azalması arasında etibarlı əlaqə göstərmir.

Bununla belə, mütəxəssislər barmaqları çırtladarkən yaranan hisslərə diqqət yetirməyi məsləhət görürlər. Əgər çırtlatma zamanı ağrı və ya şişkinlik yaranırsa, bu, oynaqda problem ola biləcəyinə işarədir.

Həmçinin barmaqları xüsusi olaraq çırtlatmaq üçün həddindən artıq sərt və kəskin hərəkətlər etmək oynaqların, bağların və vətərlərin zədələnməsinə səbəb ola bilər.

Yəni adi barmaq çırtlatmasının artrit yaratdığına dair elmi sübut yoxdur. Əsas təhlükə ağrı ilə müşayiət olunan və ya həddindən artıq güc tətbiq edilən hərəkətlərdir.

Nadir Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.