Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Co Baydenin yaşı ikinci prezidentlik müddətində ölkənin effektiv rəhbərliyinə maneədir.
Azpost.info bildirir ki, bunu AP-NORC araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərib.
Açıqlanan məlumatlara görə, respondentlərin 77 faizi Baydenin daha dörd il Ağ Evdə qalaraq effektiv rəhbərlik etmək üçün çox qoca olduğunu bildirib. Bu fikri Respublikaçılar Partiyasının tərəfdarlarının 89%-i, Demokratların isə 69%-i bölüşür.
Sorğu zamanı tədqiqatçılar həmçinin respondentlərdən Baydenlə əlaqələndirdikləri sözləri deməyi xahiş ediblər. Amerikalıların 26%-i prezidentin yaşını qeyd edib, sorğuda iştirak edənlərin daha 15%-i “ləng” və “çaşqın” kimi sözlərdən istifadə edib. Bir respublikaçı prezidenti kartofla müqayisə edib.
Sorğunun göstərdiyi kimi, amerikalılar getdikcə daha çox gənc nəslin ölkədə hakimiyyətdə olmasının tərəfdarıdırlar. Belə ki, respondentlərin 68%-i ABŞ Konqresinin senatorları və Nümayəndələr Palatasının üzvlüyünə namizədlər üçün, 66%-i isə prezidentliyə namizədlər üçün yaş məhdudiyyətinin tətbiqinin tərəfdarıdır.
Araşdırma avqustun 10-14-də 1,1 mindən çox seçici arasında aparılıb.