Baydenin qələbəsindən sonra minlərlə immiqrant ABŞ sərhədinə doğru gəlir

08 Yanvar 2021 - 12:49

Co Bayden ABŞ Prezidenti vəzifəsinə seçkilərdə qalib gələndən keçən qısa müddətdə ABŞ-Meksika sərhədinə doğru gələn immiqrantların sayı kəskin artıb.

ABŞ Sərhəd-gömrük xidmətinin rəhbəri vəzifəsini icra edən Mark Morqanın sözlərinə görə, ötən ilin noyabr ayında Bayden prezident vəzifəsinə seçkilərdə qalib gələndən sonra ABŞ ilə Meksika arasında sərhədə doğru gələn immiqrantların sayı rekord dərəcədə artıb.

Morqan deyib: “Siyasətdə təklif olunan dəyişikliklərin mənfi nəticələri artıq göz qabağındadır. Narkokartellər və qaçaqmalçılar bizim sərhədlərimizin açılacağı barədə fikir yayırlar. Onlar haqlıdır: dekabr ayında ABŞ cənub sərhədinə 74.000 immiqrant gəlib. Bu göstərici böhran səviyyəsinə uyğundur”.

Lakin Morqanın dedikləri həqiqətə uyğun deyil, yəni 74 min immiqrant rekord göstərici ola bilməz, çünki hələ 2019-cu ilin may ayında ABŞ-ın cənub sərhədinə gələn immiqrantların tutulub saxlanması hallarının sayı son 13 ildə rekord göstərici olub. O vaxt bir ay ərzində 144 min immiqrant gəlmişdi. Bütövlükdə isə 2019-cu maliyyə ilində sərhəd patrulu tərəfindən 851 min, yəni orta hesabla hər ay 71 min qeyri-leqal immiqrant saxlamışdı. Bu, əvvəlki 12 il ərzində ABŞ sərhədlərindən qanunsuz keçmə hallarının rekord göstəricisidir.

Morqan öz bəyanatında ABŞ-ın yeni administrasiyasının açıq sərhədlər strategiyasını da kəskin tənqid edib. Baydenin Donald Trampın sərt immiqrasiya siyasətindən imtina etmək planını bəyənmədiyini söyləyən Morqan, bununla belə, ümidvar olduğunu bildirib ki, Sərhəd gömrük xidmətinin rəhbərliyinin yeni komandası ilə dialoq vasitəsilə vəziyyəti nizamlamaq mümkün olacaq.