Bayram Məmmədovun atası oğlunun meyitinə baxış keçirib

07 May 2021 - 22:58

Mərhum ictimai fəal Bayram Məmmədovun atası Fərman Məmmədov Türkiyənin İstanbul şəhərinə səfər edərək mayın 7-də oğlunun meyitinə baxış keçirib.

“Turan”ın məlumatına görə, Fərman Məmmədov, Bayram Məmmədovun bir qrup dostu və vəkil əvvəl İstanbulun Kadıköy rayonunda istintaq aparılan polis bölməsinə baş çəkiblər, sonra Bayramın meyitinin saxlandığı ekspertiza mərkəzində olublar.

Mərhumun dostu, ictimai fəal Elgiz Qəhrəmanın sözlərinə görə, polisdə onlara Bayramın hadisə baş verən gün hərəkət etdiyi yollarda müşahidə kameralarının qeydlərinin araşdırıldığı bildirilib.

Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda həbs edilib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Vəkillər isə bu həbsin hakimiyyətə etiraz motivi ilə bağlı olduğunu deyiblər.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir müddət əvvəl Bayram Məmmədov Türkiyənin İstanbul şəhərinə gedib. 2021-ci il mayın 2-də o yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.

Polisin ilkin məlumatına görə, Bayram Məmmədov Kadiköydəki Moda sahilində gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.