“Belə davam etsə Ermənistan ordusunun “nəfəsi kəsiləcək” –POLİTOLOQLARIN MÜHARİBƏ ŞƏRHİ

Sentyabrın 27-dən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən iri silahların işə düşdüyü bildirilir. Azərbaycan ordusu Ağdam, Tərtər, Füzuli-Cəbrayıl və Murov istiqamətində əks əməliyyatlara başladığını açıqlayıb.

Politoloq Elxan Şahinoğlu Azadlıq Radiosuna deyib ki, Azərbaycan ordusu sentyabrın 27-də böyük hərbi uğurlar qazanıb: “27 il idi gözləyirdik ki, torpaqlar işğaldan azad edilsin. Uzun illər danışıqlar getdi, sonunda Azərbaycan cəmiyyəti də, siyasi elitası da bu qərara gəldi ki, danışıqlar fayda verməyəcək. Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, öz istəyi ilə torpaqları boşaltmayacaq”.

E.Şahinoğlu deyib ki, sərhəddə təxribatlar, Şuşada “inauqurasiya” keçirənlər, “Dağlıq Qarabağ parlamenti”ni Şuşaya köçürmək istəyənlər Azərbaycanı hərbi əməliyyatlara vadar edib. Politoloq əlavə edib ki, son vaxtlar isə Ermənistan Livandan, Suriyadan ASALA, PKK terrorçularını, Rusiyanın “Vaqner” hərbi muzdlularını Qarabağa yerləşdirirdi.

Amma E.Şahinoğlu bu məsələdə Rusiyanı yenə də əsas maneə adlandırır. O vurğulayıb ki, 2016-cı ilin aprel, 2020-ci ilin iyul əməliyyatları zamanı məhz Rusiyanın təzyiqləri nəticəsində əməliyyatlar dayandırılıb: “Bu təzyiqlər yenə də olacaq, buna tab gətirmək lazımdır. Türkiyə-Azərbaycan ittifaqı ona görə gücləndirilib ki, Türkiyə Rusiyanın təzyiqlərini balanslaşdıra bilsin. Elə sentyabrın 27-də Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışıqları da bunu göstərir”.

Deputat Sabir Rüstəmxanlı da “Turan” agentliyinə deyib ki, əməliyyatın ilk günü Azərbaycan Ordusu üçün uğurlu olub: “Azərbaycan ordusu göstərdi ki, hər cür təxribatı darmadağın etməyə hazırdır”.

S.Rüstəmxanlı hesab edir ki, birinci hücum edən Ermənistandır: “Buna görə də dünya ona “dayan” deməlidir. Cəzasızlıq ora gətirib ki, Ermənistan dünyaya meydan oxudur…”.

Politoloq Qabil Hüseynlinin isə qeyd etməsinə görə, bu aydın idi ki, Ermənistandan Dağlıq Qarabağa qoşun, muzdlu, hərbi texnika daşınırdı: “Burada “güc ordusu” formalaşdırmaq istəyirdilər. Bu səbəbdən də müharibə, yeni ərazilərin işğalı ritorikası güclənmişdi. Azərbaycan əhalisinə psixoloji təzyiq göstərilməyə başlandı…”.

Onun fikrincə, əks əməliyyata başlanması da bu səbəblərdən irəli gəldi.

Politoloqun vurğulamasına görə, yeni güclər oyuna daxil olmağa çalışır və Rusiya müəyyən hərəkətlər etməyə çalışacaq: “Türkiyə hökuməti Azərbaycana hər cür dəstəyin verilməsini xüsusi vurğulayır. Qüvvələr nisbətində böyük dəyişiklik var. Ordunun yüksək döyüş ruhu var. Sentyabrın 28-də belə davam etsə, Ermənistan ordusunun “nəfəsi kəsilə bilər””.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dərs vaxtı”nın 29 sentyabr cədvəli açıqlandı

Sonrakı məqalə

“ATƏT-in Minsk Qrupu buraxılmalıdır” –