Beynəlxalq Agentlik İranın əməkdaşlığı məhdudlaşdıracağından narahatdır

17 Fevral 2021 - 09:00

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) gələn həftədən etibarən İranın bu beynəlxalq qurumun müfəttişləri ilə əməkdaşlığı məhdudlaşdıracağından narahatdır.

Beynəlxalq qurum bununla bağlı İran tərəfindən məlumatlandırıldğını açıqlayıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, İran bu ölkənin nüvə proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan Vyana Sazişində əskini tapan könüllü şəffaflıq tədbirlərini fevralın 23-dən sonra davam etdirmək niyyətində deyil. Bundan başqa isə rəsmi Tehran sazişin əlavə protokoluna (AEBA müfəttişlərinin nüvə mərkəzlərinə plandan kənar qısamüddətli səfərlərinə icazə) da əməl edilməyəcəkdir.

Qeyd edilməlidir ki, rəsmi Tehran hələ bu ilin əvvəlində nüvə proqramı ilə əlaqədar ABŞ-la yaranmış mübahisədə ciddi irəliləyiş əldə edilməyəcəyi təqdirdə AEBA ilə əməkdaşlığını əhəmiyyətli dərəcədə məhdudlaşdıracağını elan etmişdi. İran tərəfi bu addımı Vyana Sazişinə yalnız İran tərəfinin əməl etməsi və ABŞ-ın bu ölkəyə qarşı sanksiyalara son qoymaması ilə izah etmişdi. AEBA-nın açıqlamasında qeyd edilib ki, təşkilatın baş direktoru Rafael Qrossi hər iki tərəf üçün qəbuledilən çıxış yolunun tapılması üçün İrana səfər etməyə hazırdır. AEBA bu səfər nəticəsində mühüm verifikasiya işlərinin davam etdirilməsi barədə razılıq əldə ediləcəyinə ümid bəsləyir.