İnsan beyninin yaddaşla bağlı funksiyaları yalnız saxlamaqdan ibarət deyil, həm də məqsədli şəkildə unutmaq üzərində qurulub. AzPost bildirir ki, bu, təkamülün bizə bəxş etdiyi qoruyucu və seçici mexanizmdir. Alimlərin fikrincə, yaddaşın bu şəkildə işləməsi beyni lazımsız yüklərdən azad edir və kritik məlumatları daha əlçatan saxlayır.
Kanadalı neyrobioloq Bleyk Riçards bildirir ki, yaddaşın əsas funksiyası keçmişi xatırlamaq deyil, gələcəyi düzgün proqnozlaşdırmaqdır. Yəni beyin informasiyanı daim filtrləyir, yalnız təkrarlanan və əhəmiyyətli olanı yadda saxlayır. Misal üçün, bir dəfə rastlaşdığın təsadüfi insanın adını unutmaq tamamilə normaldır – çünki beyin bu bilgini vacib saymır.
Travmatik hadisələrin daha tez xatırlanması isə əksinə, beyin üçün bir siqnal funksiyası daşıyır. Bu, gələcəkdə oxşar vəziyyətlərdən qaçmaq üçün xəbərdarlıq sistemidir. Bəzi hallarda isə beyin bu cür xatirələri dondurur – bu, posttravmatik stres pozuntusunun əsasında duran əsas səbəblərdəndir.
Elm adamları yaddaşın dörd əsas növünü fərqləndirir: sensor, qısa müddətli, uzun müddətli və prosedur yaddaş. Bu mərhələlərdən yalnız sonuncusu – prosedur yaddaş, məsələn, velosiped sürmək kimi vərdişləri uzun illər unutmamağımızı təmin edir.
Unutmaq yalnız fərdi psixologiyaya deyil, həm də bioloji proseslərə bağlıdır. Alzheymer kimi xəstəliklərdə beyin neyronlarının əlaqəsi zədələndiyindən yaddaş sürətlə itir. Amma bu, normal unutqanlıqdan fərqlidir. Yaşlanma ilə əlaqədar yaddan çıxan informasiyalar əsasən diqqət və konsentrasiya zəifliyindən irəli gəlir.
Maraqlısı budur ki, yuxu zamanı beyin gün ərzində toplanmış məlumatları “ayırır”. Əsas olanları möhkəmləndirir, önəmsizləri isə silir. Buna “sinaptik budama” deyilir və bu proses gecə yuxuda baş verir. Buna görə də kifayət qədər yuxu almayan insanlarda yaddaş zəifləməsi müşahidə olunur.
Texnologiyanın sürətli inkişafı yaddaş vərdişlərimizə də təsir edir. Əvvəllər telefon nömrələrini yadda saxlamaq təbii idisə, indi bu informasiyanı cihazlara ötürdüyümüz üçün beyin artıq onu “vacib” saymır və yaddaşdan çıxarır. Bu fenomen “rəqəmsal amneziya” adlanır.
Bəzi hallarda isə unutmaq psixoloji müdafiə mexanizmidir. Məsələn, utancverici bir vəziyyəti yaddaşdan silmək şəxsiyyətin özünü qoruma instinkti ilə bağlıdır. Beyin bu cür hallarda reallığı dəyişdirmək və ya təhrif etmək qabiliyyətinə də malikdir.
Nəticə etibarilə, unutmaq zəiflik deyil, əksinə, informasiyanın idarə olunması üçün zəruri bir qabiliyyətdir. Beynimiz gündəlik həyat üçün önəmli olanları seçərək bizə daha effektiv qərarlar verməyə kömək edir. Elmi araşdırmalar göstərir ki, yaddaşın bu seçici təbiəti bizim düşünmə, öyrənmə və uyğunlaşma bacarıqlarımızın əsasını təşkil edir.