Binalardakı artırmalar sənədləşdirilə bilər?
Bəzi köhnə binalarda edilən artırmalar qanunsuz hesab olunur. Xüsusən də belə binalar plana düşdüyü təqdirdə bu artırmaların hesablanması məsələsi ziddiyyət yaradır. Ən çox sual doğuran məqamlardan biri isə həmin sahənin sonradan sənədləşdirilə bilməsi ilə bağlıdır.
AzPost xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı metbuat.az-a açıqlamasında bildirib ki, artırmalarla bağlı məsələ bu günün və ya dünənin problemi deyil, bu prosesin tarixi uzun illərə dayanır:
“Qanunvericiliyə əsasən, şəhərsalma qaydalarına zidd olmayan, infrastruktur və binanın dayanıqlığına zərər vurmayan, daşıyıcı konstruksiyalara müdaxilə etməyən hallarda artırmaların aparılmasına icazə verilir. Belə hallar müvafiq razılaşdırma prosedurlarına əsaslanır. Bu cür tikinti işləri yerli icra hakimiyyətlərinin sərəncamı, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı əsasında həyata keçirilə bilər. Zəruri hallarda Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları da rəy verir”.
R.Osmanlı qeyd edib ki, artırma ilə bağlı icazələrin alınması zamanı ödənişlər rəsmi qaydalara uyğun həyata keçirilir:
“İlk növbədə layihə hazırlanır, daha sonra şəhərsalma tələblərinə əsasən ərazi üzrə müəyyən edilmiş kafisientlərə uyğun ödənişlər olunur. Bu məbləğlər Bakı şəhərinin müxtəlif ərazilərində fərqlidir. Eləcə də yaşayış vəqeyri-yaşayış obyektləri üçün ayrıca hesablanır. Nəticə etibarilə, bu ödənişlərin məbləğini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşdirir”.