Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyə ərazisindən sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.
Komissiyanın məlumatına görə, aparılan monitorinqlər nəticəsində kampaniyanın müəyyən mərkəzlər tərəfindən başladıldığı müəyyən edilib.
Bildirilib ki, kampaniyanın əsas hədəflərindən biri Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətləridir. Komissiya hesab edir ki, informasiya kampaniyası eyni zamanda ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq yaratmağa, həmçinin cəmiyyətdə qütbləşməni dərinləşdirməyə yönəlib.
Kampaniya necə aparılır?
Milli Məclisin komissiyası qeyd edir ki, sözügedən informasiya kampaniyası koordinasiyalı şəkildə həyata keçirilir. Bunun üçün hədəfli reklamlar, real və saxta sosial media hesablarından istifadə edildiyi bildirilir.
Komissiyanın açıqlamasında Azərbaycan və Türkiyə cəmiyyətlərinin bir hissəsinin bu kampaniyaya bilmədən dəstək verdiyi də vurğulanıb.
“Bir millət, iki dövlət” prinsipinə sadiq olan Azərbaycan və Türkiyə xalqları arasında münasibətlərin hədəfə alındığını bildirən komissiya qeyd edib ki, Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlər hüquqi məsuliyyət yarada bilər.
Buna baxmayaraq, komissiyanın məlumatına görə, informasiya kampaniyası davam edir.
Məlumatlar dövlət qurumlarına təqdim olunacaq
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası kampaniyanın iştirakçıları ilə bağlı əldə olunan məlumatların Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini açıqlayıb.
Komissiya həmçinin vətəndaşlara sosial şəbəkələrdə yayılan məlumatlara qarşı diqqətli yanaşmağı tövsiyə edib.
Açıqlamada Azərbaycan və Türkiyədəki vətəndaşlar saxta informasiyalara inanmamağa və həssas mövzularda məlumatların mənbəyini yoxlamağa çağırılıb.