“Birmarket”in çatdırılma xidməti müştəri məmnuniyyətini təmin edə bilmir. AzPost xəbər verir ki, müştəri Habib Rahmanov bildirib ki, 10 noyabr 2025-ci il tarixində mağazadan götürülən məhsul çatdırılma xidmətinə verilsə də, artıq üçüncü gündür hər axşam ona eyni SMS gəlir və çatdırılma növbəti günə keçir.
Rahmanov deyir ki, dəqiq vaxtın göstərilməməsi və məhsulun davamlı olaraq təxirə salınması “müştərini ələ salmaq” kimi görünür. “Üç gündür məhsulum əlçatmaz vəziyyətdədir, hər dəfə günün sonunda çatdırılma növbəti günə keçir. Bu, xidmətdə ciddi qüsurdur”, – deyə o bildirib.
Müştəri xidməti açıqlayıb ki, məhsul bu gün də çatdırılmayacaq və yaxın günlərdə müştəriyə SMS ilə məlumat veriləcək. Qanunvericiliyə əsasən, xidmət operatorları məhsulun vaxtında çatdırılmasını təmin etməli və müştəriyə məlumat verməlidirlər. Bu halda isə müştəri hüquqlarının pozulduğu və xidmətin standartların altında olduğu müşahidə olunur.
Birmarket-in xidmətindəki gecikmələr sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub, bir çox istifadəçilər eyni problemlə üzləşdiklərini bildirirlər. Ekspertlər vurğulayır ki, elektron ticarət və çatdırılma xidmətlərinin qanunvericilik tələblərinə əməl etməsi müştəri məmnuniyyəti və etibar üçün vacibdir.
