“Biz bu gücdən istifadə edərək torpaqlarımızı işğaldan azad etdik” –

Zakir Həsənov Türkiyə ilə birgə hərbi təlimdə çıxış etdi
11 Fevral 2021 - 17:14

“Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarının işğalına son qoydu. Bu müharibədə Türkiyə hər zaman yanımızda oldu”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”, – deyə müdafiə naziri vurğulayıb. Həsənov qeyd edib ki, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirib: “Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak etdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirdilər. Qış təliminin də uğurlu keçməsini arzulayıram və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, əlaqələrimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”