“Bu gün bizim rəsmi törənimiz Cəbrayıl şəhərində keçirildi”.
Bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, əslində Cəbrayıl şəhəri yoxdur: “Çünki burada oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişdilər. Cəbrayıl şəhərindən bu dağılmış binalar qaldı. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilib. Görün nə qədər onlarda Azərbaycan xalqına qarşı nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq. Və bu gün artıq həyat bu bölgəyə qayıdıb. Ağalı kəndinin timsalında biz bunu görürük”.