BMT-nin Ali Komissarı İdlibdə əhalinin təcili təhlükəsiz yerlərə köçürülməsinə çağırdı

21 Fevral 2020 - 10:47

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

BMT-nin Ali Komissarı bildirib ki, insanların həyatlarının qorunması və təhlükəsiz yerlərə çıxış əldə edə bilməsi üçün döyüşlərə son qoyulmasına ehtiyac duyulur.

“Hər bir gün ötdükcə bu çağırışın aktuallığı artır. Minlərlə günahsız insan beynəlxalq birlikdəki parçalanmanın bədəlini ödəyə bilməz, beynəlxalq birliyin bu böhranın həllini tapa bilməməsi bizim kollektiv beynəlxalq vicdanımızda ciddi ləkəyə çevriləcəkdir. Əvvəllər olduğu kimi böhran məqamlarında mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər – hərçənd bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır. Artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün hansı ki, onların 3,6 milyonu Türkiyədədir, beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır. Hesablamalara əsasən hazırda Suriyanın şimal-qərbində 4 milyondan artıq mülki əhali yaşayır. Onların yarısından çoxu məcburi köçkünlərdir. Onların çoxu illərlə didərginlik həyatı yaşayır və olduqları yerləri bir neçə dəfə tərk etməyə məcbur olublar. Yeni didərgin düşənlərin təxminən 80 faizi qadınlar və uşaqlardır. Bir çox ahıl insanlar da risk altındadırlar. BMT, Suriyadakı və başqa yerlərdəki digər tərəfdaşlar İdlib zonasında didərgin insanlara yardımın təşkili üzərində həftələrlə işləyiblər. Didərginliyin intensivliyini və miqyasını nəzərə alsaq, sığınacaqlara ciddi ehtiyac var. Sərt qış havası (o cümlədən qar, daşqınlar, mənfi temperatur və yanacaq qiymətlərinin artması) çətinlikləri və iztirabları daha da artırır. Humanitar yardımların təhlükəsiz çatdırılması və humanitar işçilərin təhlükəsizliyi təmin edilməlidir. BMT QAK 275 minədək insana (55 min ailəyə) zəruri tələbat əşyaları ilə, İdlibdəki digər 84 min insana (14 min ailəyə) isə sığınacaqlarla yardım etməyə çalışır. O həmçinin 2,1 milyonadək insanın təcili tələbatlarını təmin etmək üçün regionda ehtiyat yardımlar, o cümlədən 400 min çadır yerləşdirib. Humanitar qurumlar olaraq biz insanların həyatlarını xilas etməyə çalışırıq, amma bu səylərimiz üçün məkan daralmaqdadır. Bu cür iztirabların qarşısında təkcə humanitar yardım çıxış yolu ola bilməz”, – deyə BMT-nin Ali Komissarı vurğulayıb. (APA)