BNA Bakıda tıxacın səbəbini açıqladı

25 May 2021 - 10:05

Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırkı vaxtadək Neftçilər prospekti, Z. Əliyeva, Ü. Hacıbəyov, Y. Səfərov, A. Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb: “Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir”.