Boris Conson İsraili İordan çayının Qərb sahilini ilhaq etməməyə çağırıb

Böyük Britaniyanın Baş Naziri Boris Conson İsraili İordan çayının qərb sahilini ilhaq etməməyə çağırıb.

APA-nın xəbərinə görə, Baş Nazir “ynetnews.com” saytında dərc olunan məqaləsində bildirib ki, ölkəsi hər zaman İsrailin başqa ölkələr kimi sülh və təhlükəsizlik şəraitində yaşaya bilmək hüququnu dəstəkləyib.

“Birləşmiş Krallığın Baş Naziri olduğum müddətdə İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmaz olaraq qalacaq. Bununla belə, Fələstin ərazisini ilhaq etmək təkliflərini təəssüflə izlədim. İsrailin əbədi dostu və tərəfdaşı olaraq, bu təkliflərin İsrailin sərhədlərinin təhlükəsizliyini təmin etmək baxımından uğursuz və uzunmüddətli maraqlara zidd olacağından narahatam. İlhaq İsrailin ərəb və müsəlman dünyası ilə əlaqələrinin yaxşılaşdırılması istiqamətində qazandığı irəliləyişi təhlükə altında qoyacaq. Heç vaxt bugünkü qədər əmin olmamışam ki, İsrailin maraqları ərəb dünyasındakı ən yaxın tərəfdaşlarımızın maraqları ilə üst-üstə düşür, xüsusilə də ortaq təhdidlərə qarşı potensial təhlükəsizlik sahəsində əməkdaşlıqda”, – deyə Britaniyanın Baş Naziri vurğulayıb.

Conson ilhaqın ərəb dünyası ilə əməkdaşlıq fürsətlərini məhdudlaşdıracağını qeyd edib: “Həm israillilər, həm də fələstinlilər üçün ədaləti təmin edən bir nəticə görmək istəyirəm. Britaniya BMT-də tez-tez İsraili əsassız tənqidlərdən müdafiə edənlərdən ibarət azlıqda durur.Ancaq ilhaq beynəlxalq hüquq pozuntusudur. Bu həm də İsrail barədə köhnə hekayələri əbədiləşdirmək istəyənlər üçün bir hədiyyə olacaq.Mən çox ümid edirəm ki, ilhaq davam etməyəcək. Bu baş versə, Böyük Britaniya hər iki tərəfin də razılaşdırdığı 1967-ci il sərhədlərinə edilən hər hansı bir dəyişikliyi tanımayacaq. Bir çox israilli kimi, mən də sülh danışıqlarının uğursuzluqla nəticələndiyinə görə məyusam. Hər iki tərəfin yaşadığı məyusluğu başa düşsəm də, hazırda bu enerjini bir daha masaya qayıtmaq və həll yolu tapmağa çalışmaq üçün istifadə etməliyik. Bu, hər iki  tərəfdən güzəşt tələb edəcək. Davamlı sülhün əldə olunması istiqamətində çətinliklərə qeyri-ciddi yanaşmıram. Bunun üçün çox səy göstərilib, İshaq Rabin də daxil olmaqla, çoxları bədəl ödəyib. Ancaq yenə də inanıram ki, yəhudi xalqının vətəni olan İsrail üçün həqiqi, davamlı təhlükəsizliyə nail olmağın yeganə yolu həm israillilər, həm də fələstinlilər üçün ədalət və təhlükəsizliyi təmin edən həll yolu ilə mümkündür. Bunun qeyri-mümkün olduğuna inanmıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava yağıntılı olacaq

Sonrakı məqalə

QMİ sədri: