Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət

Bir səhər yuxudan oyanıb şəhəri örtən qarın qırmızı rəngdə olduğunu görsəniz, nə düşünərdiniz? 1930-cu illərdə ABŞ-ın Boston şəhərində baş verən bu gerçəküstü hadisə, əslində ölkənin mərkəzində baş vermiş nəhəng bir ekoloji fəlakətin uzaq əks-sədası idi.
Qaynarinfo xəbər verir ki, 1930-cu illərin əvvəllərində Boston sakinləri göydən yağan qarın adi ağ rəngdə deyil, qəribə şəkildə qırmızı olduğunu gördükdə təəccüblənmişdilər. Bu qeyri-adi təbiət hadisəsi, ABŞ-ın mərkəzi bölgəsində – Qreat Plains adlanan ərazidə baş vermiş böyük toz fırtınasının birbaşa nəticəsi idi.
Toz fırtınasının səbəbi nə idi?
O dövrdə ABŞ-ın bu bölgəsində yanlış torpaq idarəçiliyi və şiddətli quraqlıq nəticəsində torpaqlar qoruyucu bitki örtüyündən məhrum qalmışdı. Nəticədə məhsuldar üst torpaq asanlıqla küləklə dağılır, atmosferə qarışan toz hissəcikləri minlərlə kilometr uzaqlığa qədər daşına bilirdi. Bostonda yağan qırmızı qar da bu tozların qar fırtınaları ilə qarışması nəticəsində meydana gəlmişdi.
Qreat Plains bölgəsinin gil və dəmir oksidi ilə zəngin qırmızı torpaqları, küləklə Atlantik sahillərinə qədər daşınaraq, qarın rəngini dəyişdirmişdi. Bu, həm təbiətin gücünü, həm də insan müdaxiləsinin doğura biləcəyi nəticələri xatırladan aydın bir siqnal idi.
Qırmızı qarla bitməyən faciə
Qırmızı qar yalnız başlanğıc idi. Toz fırtınaları nəticəsində Nyu-York şəhəri kimi metropollar günorta saatlarında belə alatoranlıq içində qalırdı. Kənd təsərrüfatı ilə məşğul olan əhali üçün bu vəziyyət daha da ağır idi – torpaqlar istifadəyə yararsız hala gəlmiş, quraqlıqla birlikdə fəlakət dərinləşmişdi. Bütün ölkə üzrə insanlar nəfəs darlığı, boğaz yanması və digər tozla bağlı sağlamlıq problemləri ilə üz-üzə qalmışdı.
“Toz fırtınalarının ən şiddətli günü” kimi tarixə düşən və “Qara bazar” adlandırılan hadisə zamanı Kanzas Sitidəki “Associated Press”in redaktoru Edvard Stenli belə yazmışdı:
“Spearman və Hansford qraflıqları sözün əsl mənasında bir toz buludunun içində idi. Bir həftə boyunca külək və toz fırtınası bir an belə dayanmadı. Hava o qədər tozla dolu idi ki, şəhərin üzərində sanki qalın bir duman təbəqəsi vardı. Nəfəs almaq çətinləşmişdi, bir çox insan boğaz ağrısı və digər toz səbəbli xəstəliklərlə mübarizə aparırdı”
Tarixi dərs və dəyişikliklər
Bostonda yaşanan bu qırmızı qar hadisəsi, əslində həmin dövrün yaratdığı böyük ekoloji və sosial böhranın yalnız kiçik, lakin təsirli bir göstəricisi idi. Minlərlə insan torpağını tərk edərək başqa bölgələrə köçməyə məcbur oldu. Bu fəlakət, artıq mövcud olan Böyük Depressiyanın ağırlığını daha da artırdı.
Lakin bu faciə ABŞ-da torpaq idarəçiliyi, kənd təsərrüfatı və ekoloji siyasətlərdə ciddi dəyişikliklərə səbəb oldu. O dövrün prezidenti Franklin D. Ruzvelt “Torpağını məhv edən millət, özünü məhv edir” sözləri ilə genişmiqyaslı torpaq qoruma və islah proqramlarını həyata keçirdi və ölkənin ekoloji gələcəyi üçün əsaslı addımlar atdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.