Bakıda fəaliyyət göstərən mağazalardan birində qiymət fərqi ilə bağlı narazılıq yaşanıb. AzPost.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi İbrahimov Cavid “Bravo” marketin 20-ci sahə dairəsi yaxınlığında yerləşən filialında qiymət uyğunsuzluğu ilə qarşılaşdığını bildirib.
Onun sözlərinə görə, “Azərsüd” markalı laktozasız süd məhsulunun rəf üzərində qiyməti 2 manat 60 qəpik göstərilib. Lakin kassada ödəniş zamanı məhsul üçün 3 manat 35 qəpik hesablanıb. Alıcı iddia edir ki, geri qayıdaraq rəfi yenidən yoxladıqda 3 manat 35 qəpik qiymətində süd məhsulu ümumiyyətlə olmayıb.
Müştərinin bildirdiyinə görə, məsələ ilə bağlı mağaza əməkdaşına müraciət edildikdə ona məhsulu qaytarmağın mümkün olduğu deyilib. O isə qeyd edib ki, problem məbləğin az və ya çox olmasında deyil, istehlakçı hüquqlarının qorunmamasındadır. İddia olunur ki, gün ərzində çoxsaylı alıcılar çekə diqqət yetirmədən ödəniş edir və bu zaman qiymət fərqi nəzərdən qaça bilər.
Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, məhsul alıcıya rəfdə göstərilən qiymətə təqdim edilməlidir. Qiymət uyğunsuzluğu yarandıqda məsuliyyət satış məntəqəsinin üzərinə düşür.
Qarşı tərəfin rəsmi açıqlamasını dərc etməyə hazırıq.