Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, İcmalar Palatasının üzvü Bob Blekmen Ermənistanın Azərbaycanla sərhəddə – Tovuz istiqamətində hücumlarını pisləyib.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, o, İcmalar Palatasında müzakirə olunması üçün yazılı şəkildə təklif irəli sürüb.
Blekmən Britaniya hökumətini sülh prosesinin tərəqqisinə ciddi maneə olan və beynəlxalq hüququ, 1994-cü ildə imzalanan atəşkəs sazişini pozan Ermənistanın son hərəkətlərini pisləməyə çağırıb.
O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində ağır artilleriya qoşunlarının cəlb edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması, 1994-cü ildə imzalanmış atəşkəs və sülh prosesinin tərəqqisinə ciddi əngəldir.
B. Blekmən Böyük Britaniya hökumətini ATƏT-in Minsk Qrupunu hazırkı hərbi əməliyyatların müharibəyə çevrilməsinin qarşısını almaq üçün hərtərəfli araşdırma çağırışını dəstəkləməyə çağırış edib. Britaniya parlamentinin üzvü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu da vurğulayıb.