Böyük Britaniyanın müdafiə naziri Con Hili insan alverçilərinin Fransa sahillərində miqrantları qayığa mindirib Böyük Britaniyaya göndərməsini şokedici hadisə adlandırıb. O, Fransa polisinin isə buna müdaxilə etməməsini sərt tənqid edib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, nazir şənbə günü La-Manş boğazını 1000-dən çox miqrantın keçməsi ilə nəticələnən hadisələrin çox ciddi problem olduğunu deyib. O, Fransa hökumətindən bu cür halların qarşısını almaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.
Fransanın Qravlin bölgəsində, Kale və Dünkerk arasında yerləşən çimərlikdə çəkilən görüntülərdə polis əməkdaşlarının uşaqlar da daxil olmaqla miqrantların qayıqlara mindirilməsinə sadəcə baxdığı, hətta bəzi hallarda qayıqları müşayiət etdiyi əks olunub.
Con Hili “Sky News” kanalına müsahibəsində bildirib ki, son beş ildə Britaniya sərhədlərinə nəzarəti itirib. O əlavə edib ki, Fransa polisinin dayaz sularda qayıqları saxlaya bilməməsi həqiqətən böyük problemdir.