Brüs Uillis ağır xəstəliklə mübarizə aparır– həyat yoldaşı: “Daimi kədər içindəyik”

Məşhur Hollivud aktyoru Brüs Uillisin ailəsi aktyorun ağır xəstəliyi ilə yaşamağı öyrənməyə davam edir.

Aktyorun həyat yoldaşı Emma Heminq Uillis etiraf edib ki, 71 yaşlı ulduza qulluq edərkən ailə “daimi kədərli vəziyyətdədir”. Brüs Uillisə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub.

“Bu, olduqca çətin və ağrılıdır”, – 50 yaşlı Emma “Hello!” jurnalına müsahibəsində deyib.

“Bu, təbiidir. Hamımız istəyirik ki, yaxınlarımız sağlam, həyat dolu olsun və həmişə olduqları insan olaraq qalsınlar. Lakin FTD çox dağıdıcı xəstəlikdir. O, hər şeyi çox yavaş şəkildə sizdən alır”, – Emma bildirib.

Brüs Uillisdə frontotemporal demensiya 2023-cü ilin fevralında aşkarlanıb. Bu, ailəsinin aktyorun kinodan getdiyini açıqlamasından təxminən bir il sonra baş verib.

Emmanın sözlərinə görə, demensiya ilə bağlı hələ də “böyük informasiya çatışmazlığı” var. Onu xüsusilə insanların tez-tez Brüsün onu xatırlayıb-xatırlamadığını soruşması təəccübləndirir.

“Mənim cavabım həmişə birmənalıdır: bəli. Brüsün Alzheimer xəstəliyi yoxdur. Onda beynin tamamilə başqa hissəsini zədələyən frontotemporal demensiya var”, – o izah edib.

“İstərdim ki, jurnalistlər demensiyanın müxtəlif növlərini özləri araşdırsın və onlar haqqında dəqiq məlumat verməyi öyrənsinlər. İnsanları maarifləndirmək, qorxu və stiqmanı daha da gücləndirməkdənsə, düzgün məlumat yaymaq lazımdır”, – Emma deyib.

Emma həmçinin Brüsün beş qızının xəstəliklə mübarizəsi boyunca atalarına dəstək olmağa davam etdiyini danışıb.

“Onların hər biri onunla özünəməxsus münasibət qurub. Bu, inanılmazdır, çünki beşinin də xarakteri tamamilə fərqlidir. Lakin onları birləşdirən bir əsas var: Brüs həmişə həyatlarında inanılmaz dərəcədə etibarlı və daim yanlarında olan insan olub”, – Emma bildirib.

Bu xüsusi bağın son nümunəsi avqust ayında Tallulanın Castin Asi ilə evlənməsi zamanı ortaya çıxıb. Brüs qızının toyunda iştirak edib və mərasimin ən duyğulu anlarından birində onunla birlikdə görüntülənib.

“Vogue” jurnalında yayımlanan ağ-qara fotoda aktyor bir qolu ilə Tallulanı qucaqlayır, digər əli ilə isə onun həyat yoldaşı Castinin əlindən tutur. Tallula isə atasının çiyninə başını söykəyib.

“Toy həftəsonunun əvvəlində atam Brüs Uillis və Castinlə keçirdiyim duyğulu an”, – Tallula fotoya belə şərh verib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.