“Bu bəyanatı rədd edirik!” –XİN İRƏVANA CAVAB VERDİ

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil. Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.

Azərbaycanın Praqa və Soçi razılaşmalarını pozması, sülh prosesinə maneçilik törətməsi fikri də eynilə əsassızdır. Qeyd edək ki, Praqa və Soçi razılaşmalarında bütün problemli məsələləri suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa baxmayaraq, məhz Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə yanaşı, Laçın yolu ətrafında yaranmış vəziyyətdən göründüyü kimi Azərbaycanın suverenliyinə qarşı müdaxilələrini davam etdirir. Bununla yanaşı, məhz Ermənistan tərəfinin dekabr ayında Brüsseldə liderlər arasında görüşə maneçilik törədən şərtlər irəli sürməsi, o cümlədən xarici işlər nazirlərinin 23 dekabr tarixli Moskva görüşünə getməkdən imtina etməsi sülh prosesinə hansı tərəfin maneçilik törətdiyini açıq-aşkar nümayiş etdirir.

Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir.

Bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.