“Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padişahlar” ifadəsi meydana gəlib”.
Azpost.info bildirir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.
“Mənə zəng gəldi, çalışdım ki, kömək edim. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu “cıqqılı padişah”ın ucbatından az qalırdı adam orada ölsün. Bu nə özbaşınalıqdır, nə yiyəsizlikdir?!
Görünür, Teymur Musayev (red: səhiyyə naziri) çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər. Əslində isə göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir ki, gedib-gəldim”, – deyə deputat qeyd edib.