9-cu siniflər üzrə növbəti buraxılış imtahanları keçirilir-

DİM
17 İyun 2021 - 09:56

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, Quba, Samux, Şəmkir rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Mərkəzdən bildirilib ki, bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblər, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

İmtahanlarda 102 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, nitq pozuntulu) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 1747 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 120 ümumi imtahan rəhbəri, 303 imtahan rəhbəri, 2211 nəzarətçi-müəllim, 240 buraxılışı rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanlarda 22 min 698 şagirdin iştirakı nəzərdə tutulur.

 

**

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi, Sabunçu, Pirallahı rayonlarında, həmçinin Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala rayonlarında keçiriləcək imtahanlarda 22698 şagirdin iştirak edəcəyi gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, 16-17 iyun tarixlərində keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 225 imtahan binası, 3600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 225 ümumi imtahan rəhbəri, 600 imtahan rəhbəri, 4524 nəzarətçi-müəllim, 450 buraxılışı rejimi əməkdaşı (mühafizə), 225 bina nümayəndəsi ayrılıb.