“Putinə dedim ki, əgər normaları pozsalar biz cavab verəcəyik” –Bayden

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuat konfransı keçirib.

O bundan əvvəl Putinin keçirdiyi mətbuat konfransına baxdığını etiraf edib. Bayden bu görüşdə Rusiyada Aleksey Navalnının işi də daxil, insan haqlarının vəziyyəti məsələsini məxsusi olaraq qaldırdığını deyib. Jurnalistlərdən biri Baydenə Putinin Aleksey Navalnı kimi opponentləri yanvarın 6-da Konqres binasına hücum edənlərlə müqayisə etdiyini xatırladıb.

Bayden bunun “axmaq müqayisə” olduğunu deyib.

ABŞ prezidenti vurğulayıb ki, silahlı qaragüruhun Konqresə basqını ilə, insanların azad və ədalətli seçki tələbi ilə nümayiş keçirməsi arasında böyük fərq var. ABŞ prezidenti bildirib ki, Amerika “ideyalar üzərində qurulmuş” bir ölkədir və bu ölkədə “demokratik legitimlik” hökumətdən yox, xalqdan gəlir və buna görə də Amerika insan haqları məsələsini qaldırmaqda daim davam edəcəkdir.

Bayden Ukrayna barədə suallara cavab verərkən deyib ki, o bu görüş zamanı ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib. ABŞ prezidenti görüşün ümumi tonunu “pozitiv” olaraq qiymətləndirib.

Bayden habelə jurnalistlərdən birinin Putinlə bu görüşdə kibertəhlükəsizlik məsələsini qaldırıb-qaldırmaması, Rusiyadan ABŞ-ın həyati infrastrukturuna hücum olarsa, administrasiyanın necə cavab verəcəyi barədə sualına cabab verərkən deyib: “Mən ona başa saldım ki, bizim əhəmiyyətli kiberqabiliyyətimniz var və o bunu bilir. Mən dedim ki, onlar əgər təməl normaları pozsalar biz cavab verəcəyik”.

Bayden bildirib ki, o Rusiya prezidentinə həyati ifrastrukturun 16 həssas vahidinin siyahısını verib və bunların istər kiber, istərsə də başqa hücumlardan istisna olunmalı olduğunu deyib.

ABŞ prezidenti əmin olduğunu bildirib ki, Putin onun xəbərdarlıqlarına qulaq asacaq: “Düşünürəm ki, onun indi ən az istədiyi soyuq müharibədir”.

Co Bayden habelə Putinlə görüşün zəruriliyinə haqq qazandırıb. O deyib ki, üzbəüz danışığın alternativi yoxdur. ABŞ prezidenti Putinə bildirdiyini deyib ki, iki tərəf arasında “yol hərəkətinin təməl qaydaları” müəyyənləşdirilməli və buna əməl olunmalıdır.

İki lider İranla bağlı birgə işin mümkünlüyünü, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da müzakirə ediblər.

Media xəbərlərində deyilir ki, Bayden Putinə iki hədiyyə verib. Bunlardan biri onun özünün də xoşladığı Aviator eynəyi, digəri isə Amerika bizonunun büllur fiquru idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Uels millisi bizə qarşı aqressiv oynadı” –

Sonrakı məqalə

9-cu siniflər üzrə növbəti buraxılış imtahanları keçirilir-