Azərbaycan teatr və kino sənətinin canlı əfsanələrindən biri bu gün növbəti yaşını qeyd edir. AzPost xəbər verir ki, yanvarın 9-u Azərbaycan aktyoru, teatr rejissoru, “İlham” Miniatür Teatrının direktoru və bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti İlham Namiq Kamalın doğum günüdür.
İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Şamaxı şəhərində anadan olub. O, 1966-cı ildə 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və görkəmli sənətkar Rza Təhmasibin kursunda təhsil alan aktyor 1970-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərində Molyerin “Jorj Danden” komediyasında baş rolu uğurla ifa etməsi onun sənət yolunda dönüş nöqtəsi olub. Məhz bu roldan sonra o, institutun Tədris Teatrının aktyor truppasına qəbul edilib və bir sıra klassik və müasir əsərlərdə yaddaqalan obrazlar yaradıb.
İlham Namiq Kamal 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və bu səhnədə Misyö Jordan, Dərviş Məstəli şah, Sarı Qarayev, Zaman müəllim, Kişi, doktor Qaratay kimi obrazlarla tamaşaçı rəğbəti qazanıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyət göstərən sənətkar burada da baş rolların mahir ifaçısı kimi tanınıb.
Aktyor paralel olaraq Musiqili Komediya Teatrında da çalışıb, həm aktyor, həm də quruluşçu rejissor kimi bir sıra tamaşalara imza atıb. Xüsusilə “Şeytanın yubileyi” tamaşası onun yaradıcılığında xüsusi yer tutur. Rus bölməsində səhnələşdirilən “Filumeno Marturano” komediyasında yaratdığı obraz da böyük maraqla qarşılanıb.
İlham Namiq Kamal eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan onlarla filmdə rol alıb. “Qaynana”, “Qəribə adam”, “Arvadım mənim, uşaqlarım mənim”, “Bəyin oğurlanması”, “Qızıl qaz” və digər ekran əsərlərindəki rolları onu kino tamaşaçısına da sevdirməyi bacarıb. “Mozalan” satirik kinojurnalında yüzə yaxın süjetdə çıxış etməsi isə onun satirik aktyor kimi də böyük ustalığa malik olduğunu göstərir.
1993-cü ildə özünün “İlham” Miniatür Teatrını yaradan sənətkar bu teatrın bütün tamaşalarının quruluşçu rejissoru olmaqla yanaşı, əksəriyyətində baş rolları da ifa edib. 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan İlham Namiq Kamal ADMİU-da professor, kafedra müdiri kimi gənc aktyor nəslinin yetişməsində mühüm rol oynayır.
Onun zəngin yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. İlham Namiq Kamal 1982-ci ildə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, “Qızıl Dərviş” mükafatı, Prezident mükafatı, “Şöhrət” ordeni və bir sıra nüfuzlu medallarla təltif edilib. 2023-cü ildə isə ADMİU-nun 100 illiyi münasibətilə Prezidentin fəxri diplomunu alıb.
Bu gün də səhnədən və sənətdən ayrılmayan Xalq artisti İlham Namiq Kamal Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdə davam edir.
AzPost kollektivi görkəmli sənətkarı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.