“Hərəsi özünə bir dənə tarix və pərəstişin həftəbecər qarışığı olan dövlətçilik ideologiyası qoşub xəyalən öz suveren kainatında yaşayır. Sonra da insanları “müqəddəs” müharibələrdə qırdırır”.
Azpost.info bildirir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov beynəlxalq gərginliyi şərh edərkən bildirib.
“O diplomatiya deyilən şey nəyə lazımdır əgər hər kəs məsələləri müharibə ilə həll edəcəkdisə? Tramp düz deyir ki, Bayden dünyanı Üçüncü dünya müharibəsi astanasına gətirib. Ciddi bir adam lazımdır bütün bu hoppanıb-düşən dövlətlərin üstünə bərkdən bağırıb hamısını yerində dinc oturtsun”-deyə REAL sədri vurğulayıb.
Onun sözlərinə görə, bunların hamısını yerində oturda biləcək ABŞ yaxın keçmişdə etdiyi işlərlə (Kosovo, İraq) ona aid idealları sarsıdıb: “Amma indi Amerikada da, dünyada da müharibələrə nifrət edənlərin ayılması vacibdir”.
İ. Məmmədov qeyd edib ki, teokratiyalar, diktaturalar, kiçik bir beynəlxalq dəstənin nəzarətinə keçmiş demokratiyalar – hamısı dünyanın ən böyüq həqiqi Respublikasından ciddi şəkildə sülh və diplomatiya xəbərdarlığı almalıdır: “Ya da hamının hamıya qarşı vuruşduğu xaos genişlənəcək. Bu xaosun qalibi olmaya da bilər”.