“Bu ifadəni işlədən diplomatın ağzından vurmaq lazımdır” –Eldar Namazov (MÜSAHİBƏ)

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibə verib.  Politoloq Qarabağ danışıqlarını şərh edib və maraqlı məqamlara toxunub.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 -Eldar bəy, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana son səfəri zamanı “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi, həmçinin “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” dedi. Nikol Paşinyan da bu mövqedən şirniklənib özünün avantürist mövqeyini daha geniş auditoriyalarda tirajlamaqdadır. Mövcud durum sizə nə deyir?

– Ermənilərin istəyi bəlli: bu və ya digər formada Dağlıq Qarabağı danışıqlara cəlb etmək və müstəqil tərəf kimi Azərbaycanla üz-üzə qoymaq. Bunu birbaşa da deməyəndə, hərdən dolayısı ilə deyirlər. Elə Paşinyanın “sülh sazişi gərək həm Ermənistan, həm Dağlıq Qarabağ, həm Azərbaycan üçün məqbul olsun” fikri faktiki olaraq o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycanla danışıqlarda iştirak etməlidir, Azərbaycan məhz onlarla bu problemi həll etməyə çalışmalıdır. Burada ifadələr, sözlər dəyişir, ancaq məna dəyişmir. Ermənistan daim danışıqlardan çıxmaq və Azərbaycanı Dağlıq Qarabağla danışıqlara sövq etmək və bununla da bütün danışıqlara nümayiş etdirmək istəyir ki, birincisi, Ermənistan təcavüzkar deyil, o, qıraq bir tərəfdir, ikincisi də Dağlıq Qarabağ guya Azərbaycan kimi müstəqil dövlət qurumudur. Təbii ki, hamı bu oyunları başa düşür və Azərbaycan tərəf heç vaxt bu sərsəm ideyaların reallaşmasına imkan verməz. Burda maraqlı bir məqam var: tez-tez beynəlxalq vasitəçilər də, müşahidəçilər də bir məsələni qeyd edirlər. Yəni vaxtilə qərar qəbul olunmuşdu ki, Ermənistan prezidenti bu danışıqlarda həm Ermənistanı, həm Dağlıq Qarabağı təmsil edir. Ancaq bunun detalları açılmır, niyə birdən-birə Ermənistan prezidenti belə bir qərara gəldi ki, danışıqlar məhz Azərbaycanla Ermənistan arasında keçirilsin və Ermənistan prezidenti həm də Dağlıq Qarabağı təmsil etsin?

– Niyə? Bunun cavabı varmı?

– Söhbət ondan gedir ki, Robert Köçəryan bir müddət Dağlıq Qarabağdakı separatçı rejimin başçısı idi. Bölgəyə gələn diplomatları, Minsk Qrupunun həmsədrlərini də inandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Ermənistandan asılı deyil, onun guya öz konstitusiyası, qanunları var, bu, “müstəqil bir dövlətdir”. Amma bir müddət sonra o, Ermənistanda işə başladı, əvvəlcə baş nazir oldu, sonra isə Ter-Petrosyanı devirib Ermənistan prezidentinin kürsüsündə oturdu. Ermənistanın da konstitusiyasında qeyd olunur ki, prezidentliyə namizədlər müəyyən müddət ərzində Ermənistanda daimi yaşamalıdırlar. Səhv etmirəmsə, 10 ildən söhbət gedirdi. Həmin müddət ərzində isə Köçəryan Ermənistanda yox, Dağlıq Qarabağda yaşayıb və özünü “Dağlıq Qarabağın rəhbəri” elan edib. Köçəryan Ter-Petrosyanı devirəndən sonra danışıqlarda pat vəziyyəti yarandı. Azərbaycan dərhal həmsədrlər qarşısında sual qoydu: bəs Dağlıq Qarabağ “müstəqil”dirsə, Ermənistandan asılı deyilsə, Ermənistanın konstitusiyası varsa, həmin konstitusiyada ən azı 10 il orada yaşamaq tələbi qoyulubsa, necə ola bilər ki, dünən özünü “Dağlıq Qarabağın rəhbəri” elan edən adam özünü Ermənistanın prezidenti adlandırır? Təbii ki, həmsədrlər bu sualı İrəvanda da Köçəryanın qarşısında qoydular. Onda qoyulan suallara heç bir arqument və cavab tapa bilmədiyindən Köçəryan elan etdi ki, Dağlıq Qarabağın bu danışıqlarda iştirakına heç ehtiyac yoxdur, mən həm Ermənistanı, həm Dağlıq Qarabağı təmsil edirəm. Azərbaycan o vaxt bu vəziyyətdən istifadə edib, ümumiyyətlə, danışıqları dayandıra bilərdi. Ancaq hər halda, onda hesab olundu ki, əgər Ermənistan prezidenti özü faktiki olaraq Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlarda iştirakdan məhrum etmək təşəbbüsü göstərirsə, bu da Azərbaycan diplomatiyası üçün müəyyən bir əlverişli imkanlar yaradır. Ondan bir müddət sonra ermənilər gileylənməyə başlayanda ki, nəyə görə Dağlıq Qarabağ danışıqlarda iştirak etmir, həmsədrlər də, bəzi hallarda hətta Ermənistan rəsmiləri də açıq etiraf etməyə başladılar ki, bu, İrəvanın qərarı idi. İndi də bu məsələlər qalxanda təbii ki, Azərbaycan diplomatiyası və ölkə KİV-ləri, xüsusilə də rus, ingilis dilində nəşr olunan bizim KİV-lər gərək bu həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar.

– Eldar bəy, məsələ burasındadır ki, təkcə Ermənistan deyil, Rusiya rəsmiləri də Dağlıq Qarabağın “tərəf” kimi masaya qaytarılmasına cəhdlər göstərir. Lavrovun ardınca rus həmsədr də bənzər mövqe sərgilədi. Bunun səbəbi nədir?

– Lavrov amili Rusiyanın xüsusilə xarici siyasətinə müxtəlif istiqamətlərdə mənfi təsir göstərir. O cümlədən Türkiyə və Azərbaycanla münasibətlərə, Qarabağ məsələsinin həlli ilə bağlı məsələlərə. Səbəbi də bəllidir. O adam fəxrlə deyir ki, məndə yalnız bir qan var-erməni qanı. Yəni atası da, anası da erməni olan bir adam təbii ki, həm Türkiyə, həm Azərbaycanla  münasibətlərdə, həm Qarabağ məsələsinin həlli ilə bağlı məsələlərdə qərəzli mövqeyini həmişə büruzə verir. Əgər siz fikir verirsinizsə, Türkiyə-Rusiya yaxınlaşmasında çox ciddi rol oynayan adam Rusiya prezidentinin mətbuat katibi  cənab Peskovdur. O, Türkiyə üzrə mütəxəssisdir, uzun illər Türkiyədə yaşayıb, türk dilini təmiz bilir. Türkiyə rəsmiləri ilə bütün əlaqələr onun vasitəsilə qurulur.

– Amma eyni zamanda əsas rolu prezident Putinin iradəsi oynayır. Əgər Putin Lavrovun birtərəfli yanaşmalarına qadağa qoysa, rusiyalı diplomat ənənəvi mövqeyində israrlı olmaz…

– Sözsüz. Rusiyanın ənənəvi siyasəti hamıya bəllidir. Bir neçə yüz il davam edən bu siyasət Azərbaycan xalqına qarşı hansı fəlakətlərə və cinayətlərə gətirib çıxarıb, bu, bizə məlumdur. Şübhəsiz ki, bu, ümumi strategiyadır. Amma Lavrov amili bunu daha da tündləşdirmək və daha qabarıq şəkildə nümayiş etdirmək rolunu oynayır. Burada bir vacib məqam var. Mən mətbuatda bu mövzuda çıxış edəndə çağırış edirəm ki, bizim Dağlıq Qarabağla bağlı həm diplomatik strategiyamıza, həm də xüsusən də xarici təbliğat strategiyamıza bir dəyişikliklər etməli, bu sahəni yenidən qurmalıyıq. Sizin yuxarıdakı sualınızla bağlı çox ciddi bir məqam var. Ümumiyyətlə, “Azərbaycanla Ermənistan razılığa gələ bilmir və ona görə də münaqişə həll olunmayıb” ifadəsi çox yanlış yanaşmadır. Ona görə ki, əgər iki dövlət hansısa məsələ ilə bağlı razılığa gələ bilmirsə, bunun beynəlxalq arbitraj rolunu oynayan mexanizmlər var. Hətta SSRİ daxilində də belə bir mexanizmlər var idi, əgər iki respublika bir-biri ilə hansısa məsələdə mübahisə edirdisə… Nəzərə almaq lazımdır ki, vaxtilə Dağlıq Qarabağ erməniləri “miatsum” məsələsini qaldıranda SSRİ-nin konstitusiyasına uyğun olaraq bu məsələ bütün mərhələlərdə müzakirələrdən keçdi. Ermənistanın Ali Soveti SSRİ Ali Sovetinə müraciət etdi. SSRİ Ali Soveti də SSRİ Konstitusiyasına görə, belə mübahisəli məsələlərin həllinə görə məsuliyyət daşıyırdı, onun funksiyası idi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu məsələyə baxıb qərar verdi ki, Azərbaycanın razılığı olmadan sərhədlər dəyişdirilə bilməz. Yəni hüquqi baxımdan bu məsələ SSRİ-nin tərkibində öz həllini tapdı.

– Yəni Paşinyanın son vaxtlar tez-tez istinad etdiyi iddianın əsassızlığını sübut edən növbəti arqumentdən söhbət gedir.

– Hələ bu söhbətin davamı var. Deməli, SSRİ çərçivəsində iki respublikanın mübahisəsi nə cür həll olunur, bu mexanizm işə salındı və arbitraj rolunu oynayan SSRİ Ali Sovetinin qərarı ilə Ermənistanın iddiaları rədd edildi, Azərbaycanın mövqeyi dəstəkləndi, SSRİ Konstitusiyasına görə, artıq bu məsələyə siyasi və hüquqi baxımdan nöqtə qoyuldu. Amma erməni tərəfi SSRİ Ali Sovetinin bu qərarı ilə razılaşmadı, silahlı dəstələr yaratdı, müharibəni başladı, işğala başladı. Təbii ki, SSRİ-nin süqutu da bu prosesdə çox ciddi rol oynadı. Əslinə qalsa, əgər bir respublika dövlətin qərarlarına tabe olmursa, ona qarşı həm sanksiyalar, həm cəza mexanizmləri olmalı idi, ancaq bunlar baş vermədi. Ona görə ki, SSRİ artıq dağılmağa doğru gedirdi və başqa respublikalarda artıq konfliktlər başlayırdı. Ancaq hüquqi baxımdan o mexanizm tam işə salındı və qərar da verildi. Biz müstəqil dövlət olandan sonra arbitraj rolunu BMT Təhlükəsizlik Şurası oynayır. Biz müstəqil olandan sonra da bu məsələyə Təhlükəsizlik Şurasında baxılıb, onun 4 qətnaməsi var. Azərbaycan torpaqlarının işğal olunduğu qeyd olunur və Ermənistandan o torpaqları azad etmək tələb olunur. SSRİ dövründə olduğu kimi, Ermənistan bu qərara da tabe olmur. Ona görə də bizim həm diplomatiyamız, həm təbliğatımız onun üzərində qurulmalıdır ki, əzizlərim, Azərbaycan SSRİ-nin tərkibində olanda SSRİ-nin qanunlarına riayət edirdi, müstəqil olandan sonra isə beynəlxalq hüquq normalarına riayət etməyə başladı, qərar və qətnamələri də dedim. İndi belə çıxır ki, məhkəmənin qərarı olur, təqsirkar göstərilir, ancaq ondan sonra məhkəmə kənara çəkilir, deyir, baxın, görün öz aranızda razılığa gələ bilərsinizmi? Əzizim, hər məsələdə razılığa gəlmək mümkün deyil. Elə məsələlər var ki, orada arbitraj rol oynamalıdır. Həm SSRİ dövründə, həm də müstəqil olduğumuz zaman hər iki qurum deyib ki, Azərbaycan haqlıdır, Ermənistan bu iddialarından əl çəkməlidir! İndi Azərbaycanı niyə ittiham edirsiniz ki, Ermənistanla razılığa gələ bilmir?! Qardaş, qərar çıxarılıb, o qərar da həyata keçirilməlidir! O cümlədən vaxtilə ATƏT-in sammitində belə bir qərar çıxarıldı ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın tərkibində ermənilərə muxtariyyət verilməsindən ibarətdir. ATƏT-in bütün üzvləri buna səs verdilər, Ermənistan buna veto qoydu. Onda ATƏT bəyanatla çıxış etdi ki, quruma daxil olan bütün ölkələr Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyatın verilməsi ilə problemin həllinin tərəfdarıdır, bir ölkədən, Ermənistandan başqa. Yaxşı, BMT də bu qərarı çıxarıb, ATƏT də. İndi beynəlxalq müşahidəçilər nə üzlə deyirlər ki, Azərbaycan və Ermənistan razılığa gələ bilmirlər, ona görə də konflikt həll olunmur?!

– İndiki durumda nə etməliyik, sizcə?

– Dünya ictimaiyyətinin mövqeyini dəyişmək, Azərbaycanın haqq işinə dəstək qazanmaq üçün biz həm diplomatik, həm təbliğat strategiyamızı dəyişməliyik. Mən sizə dediyimiz məsələlər iki gündən bir xarici dillərdə, bizim diplomatların danışıqlarında, ekspertlərimiz tərəfindən dünyaya çatdırılmalıdır ki, qardaş, burada söhbət ondan getmir ki, azərbaycanlılarla ermənilər razılığa gələ bilmir. Söhbət ondan gedir ki, həm SSRİ dövründə, həm müstəqillik zamanı məhkəmə olub, hər iki məhkəmənin qərarı Azərbaycanın xeyrinə olub. O tərəf nə SSRİ məhkəməsinin qərarına tabe olur, nə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə. Bu məsələdə Azərbaycan tərəfini necə qınamaq olar?

– Nikol Paşinyan özünü idarəolunmaz, cığal uşaq kimi aparır. Xaricdə azərbaycanlılarla təmasında da saxta iddialarını səsləndirməkdə davam edir. Onunla üz-üzə gəlib bu arqumentləri demək istərdinizmi?

– Vallah mən heç onun (Paşinyanın-E.P.) üzünü də görmək istəmirəm. Mən bu arqumentlərimi amerikanlara, ingilislərə, fransızlara, ruslara, beynəlxalq ictimaiyyətə deyirəm. Sadəcə olaraq, bu işi bir adam görəsi deyil. Dövlət maşını bu istiqamətdə işləməlidir ki, iki dəfə bu məsələ arbitrajdan keçib, qərarlar olub, o qərarlar da məcburi icra olunmalı idi. Demək ki, azərbaycanlılar və ermənilər razılığa gələ bilmir, bu, çox gülməli, bəsit və konfliktin mənasını tam dəyişən və pozan ifadələrdir. Biz gərək bu ifadələri beynəlxalq leksikondan çıxaraq və bu real faktları bütün dünya ictimaiyyətinə təbliğ edək.

– Eldar bəy, bu məsələdə Ermənistan və Azərbaycanla yanaşı, “Qarabağ xalqı” kimi qondarma ifadə də əlavə olunur. Bəlkə ermənilərin bu bəhanəsini kəsmək üçün danışıqlarda Qarabağ azərbaycanlıları ilə bağlı tələblər daha israrlı şəkildə qoyulsa, yaxşı olar, elə deyimi?

– Əlbəttə. Orada hansısa başqa, yeni bir xalq yoxdur. Orada ermənilər yaşayırlar, vaxtilə azərbaycanlılar da yaşayıblar. Dağlıq Qarabağdakı əhalidən söhbət gedə bilər, DQMV-nin əhalisi var idi. Oranın əhalisi də iki hissədən ibarət idi: ermənilərdən və azərbaycanlılardan. Ona görə də “Dağlıq Qarabağ xalqı” ifadəsi nə diplomata, nə hüquqşünasa, nə ekspertə yaraşmayan, yanlış bir cümlədir. Belə ifadələri işlədən diplomat, hüquqşünas və ekspertlərin ağzından vurmaq və başa salmaq lazımdır ki, sənin anlayışın yoxdur, nədən danışırsan?!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi –

Sonrakı məqalə

“İşdən çıxanda demişdim ki, bura ancaq Baş Prokuror kimi qayıdacağam” –