Bu il cərimə və islah işlərindən büdcəyə 660 min manat ödənilib-

RƏSMİ
28 İyul 2021 - 20:37

Bu ilin birinci yarısında cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

Bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib.

Onun sözlərinə görə, 3.300-dən çox şəxs bu il cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb. Cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəza çəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.