“Bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu?” –Prezident Minsk Qrupunun həmsədrlərinə "qapını göstərdi"

“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bildirib: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

İ.Əliyev bildirib ki, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub: “Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya-Türkiyə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək –

Sonrakı məqalə

“Bizim erməni xalqı ilə problemimiz yoxdur” –