Bu qurumların “Çağrı” mərkəzləri bayramda da işləyəcək

18 Mart 2020 - 14:14

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Agentliyin səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” nömrəli “Çağrı” mərkəzi istifadəyə verilib.

Agentlikdən APA-ya bildirilib ki, vətəndaşlar “Çağrı” mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla müraciət edə bilərlər. Vətəndaşlar koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat ala, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirə bilərlər.

“Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyd edək ki, “Çağrı” mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Energetika Nazirliyinin struktur bölmələrinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müvafiq tapşırıqlar verilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq, müraciətlərin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçiriləcək.

Nazirliyin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramındakı qeyri-iş günlərində (20-28 mart tarixləri) də fasiləsiz fəaliyyət göstərəcək. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən zəruri olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil ediləcək.

Qeyd edək ki, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar xətti” və “974” Çağrı mərkəzi” vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə nazirliyə müraciət edə bilərlər.