Bunlar dövlət sirri sayılacaq – Prezident fərman imzaladı
“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib. AzPost xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262, № 7, maddə 826) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 17-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunu aşağıdakı redaksiyada verilməlidir:
Dövlət sirri sayılacaq
“17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar”.
Dövlət sirri haqqında əsas anlayışlar:
dövlət sirri – dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
dövlət sirri təşkil edən məlumatların daşıyıcıları – dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir.
Aşağıda göstərilən, hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması yolverilməzdir və qanunla bu məlumatları yaymaq qadağandır. Ona görə ki, bu məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması nəticəsində düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə bir sıra kəşfiyyat məlumatlarını heç bir çətinlik çəkmədən toplamaq imkanını əldə edir, bu da öz növbəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilər.
Bu məlumatları yaymaq qanunla qadağandır:
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
– silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında;
– milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq yerinin ayrılması haqqında;
– qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.
Eyni zamanda, “Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır.
Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər.
Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.