“Buraya komandanı çətin vəziyyətdən çıxarmağa gəlmişəm” –“Qəbələ”nin yeni baş məşqçisi

“Təbrikə görə çox sağ olun. Amma məni indi yox, qarşıma qoyulan vəzifə yerinə yetirildikdən sonra təbrik etmək daha yaxşı olar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Tsxadadze təyinatını şərh edərkən deyib.

Gürcüstanlı mütəxəssis buraya komandaya kömək etmək üçün gəldiyini bildirib: “Təklif iki gün öncə klubun idman direktoru Səbuhi Səfiyarlıdan gəldi. Onunla çox yaxşı münasibətlərimiz var. Mənə dedi ki, “Qəbələ”ni bu çətin vəziyyətdən çıxarmağa kömək etməyinizi istəyirəm. Təbii ki, risk çox böyükdür. Amma “Qəbələ” çox gözəl infrastruktura, tarixə malikdir. Ona görə də düşünürəm ki, bu komanda Premyer Liqanı tərk etməyə layiq deyil”.

Onun sözlərinə görə, təklifi qəbul etməyində bir neçə amilin rolu olub: “Ən birincisi, bu böyük kluba kömək etmək istəyidir. Təbii ki, burada klubun tarixi və Səbuhi amili də var. Bundan başqa, Fariz Nəcəfovu yaxşı tanıyıram, uzun illərdir “Qəbələ”yə rəhbərlik edir. Çox yaxşı funksionerdir. Komanda onun rəhbərliyi altında xeyli uğur qazanıb. Bu mənada, Nəcəfovla işləmək çox rahat olacaq. İşimizin nə dərəcədə uğurlu alınacağı mövsümün sonunda bəlli olacaq”.

56 yaşlı mütəxəssis Azərbaycanın ona doğma olduğunu söyləyib: “Uzun illər burada yaşayıb işləmişəm. Yeddi il az müddət deyil. Artıq Azərbaycandakı həyat tərzinə alışmışıq. Ölkənizlə bağlı çox yaxşı xatirələrimiz var. Hesab edirəm ki, burada olduğumuz müddətdə pis işləməmişik. Azarkeşlər də bunları yaxşı xatırlayırlar. Uzun müddətdir Bakıda olmamışdıq. Amma açığı, buraya yenidən ayaq basanda özümüzük evimizdəki kimi hiss etdik”.

Qeyd edək ki, Kaxaber Tsxadadze Azərbaycanda daha əvvəl “Standard” (2008) və “İnter”in (2009-2014) baş məşqçisi olub. Hazırda “Qəbələ”də onun köməkçisi vəzifəsində çalışan George Çixradze isə 2011-2015-ci illərdə “Simurq”a başçılıq edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.