Cəmiyyətin təməli olan tolerantlıq

İyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda xarici jurnalistlərin suallarına cavablandıran prezident İlham Əliyev Azərbaycan dövləti üçün çox mühüm olan tolerantlıq mövzusuna toxunub.

Dövlət başçısı minillərə söykənən bu tolerantlığın köklərinə toxunaraq qeyd edib ki, bu mühiti süni yaratmaq mümkün deyil. Burada bir sintez var, fərqli amillərin vəhdəti var. Burada bu amillərdən biri olmasaydı, qarşılıqlı hörmət, məhəbbət mühiti mümkün olmazdı.

İlham Əliyev müxtəlif dini etiqadların, müxtəlif etnik qrupların birgə yaşamının Azərbaycan dövlətçiliyinin qurulmasında rol oynadığını deyib.

Prezident qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar, Vətən müharibəsində iştirak ediblər. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər biri, hər bir nümayəndəsi öz həyatını qurban verib, sağlamlığından məhrum olub.

İlham Əliyev tolerantlıq siyasətini cəmiyyət və hökumət üçün bir nömrəli məsələ olduğunu vurğulayıb. “Bu, hər bir şeyin təməlidir”-deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir: “Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir. Elə bir dəyərdir ki, onu qucaqlamaq istəyirsən, öpmək istəyirsən və Tanrıya təşəkkürünü ifadə etmək istəyirsən ki, bunu sənə nəsib edib və biz bunu qorumalıyıq. Bizim hüququmuz yoxdur ki, bunu qorumayaq və biz cəmiyyət olaraq, hökumət olaraq bunu qoruyuruq, yaşadırıq”-deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, dini liderlər, onların sözləri, onların kəlamları çox vacibdir. Ölkə üçün, onun inkişafı və gələcəyi üçün fövqələhəmiyyətli məsələlərdə dövlət və dini rəhbərlər vahid mövqedən çıxış edirlər.

Azərbaycanın min illik tolernatlıq ənənələri müxtəlif səmavi dinlərə etiqad edən icmaların nümunəvi əməkdaşlığını ortaya qoyub.  Bu baxımdan Azərbaycandakı dini tolerantlıq beynəlxalq müstəvidə həmişə dəstək ala bilib. Ölkədə məscidlər, kilsələr, sinaqoqlarında müsəlmanlar, xristianlar, yəhudilər rahat şəkildə ibadət edirlər. Dini təfriqə salacaq hər hansı bir təhlükə yoxdur.

44 günlük Vətən Müharibəsi bir daha həmrəylimizin nümayişi oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini icmaları tərəfindən dəstəkləndi.

Cəmiyyətdə bərqərar olan multkultural tablo inzibati qayda ilə idarə olunmur. Bu, minillik tarixdən bu günümzə gəlib çıxan xüsusi ənənələrdir. Vətənimiz həmişə xalqların mehriban yaşadığı diyar olub. Ölkəmiz özünün tolerantlıq ənənələrinin tarixi ilə fəxr edir. Müxtəlif dini və mədəni icmaların birgə yaşadığı ölkə sahib olduğu tolerant kültürü ilə dünyanın alqışladığı bir hadisəyə çevrilib.

2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair  “Bakı Prosesi” islam və Qərb sivilizasiyaları arasında əməkdaşlığın inkişafına öz töhfələrini verir.

2011-ci ildən etibarən isə Bakıda hər iki ildən bir Prezidentin himayəsi altında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir. Bu vaxta kimi təşkil olunmuş forumlarda 180-dən çox ölkədən nümayəndə heyəti iştirak edib. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilib.

BMT-nin Baş katibi Baş Assambleyya təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdi.

Zəngin mədəni irsə malik olan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq məkanına uğurla transformasiya olunur. Azərbaycanın multkultural inteqrasiya üçün çağırışları ölkə daxilində nail olunan milli-dini əməkdaşlığın bazasına söykənir.

Bu baxımdan multkulturial siyasətin mühüm detalı olan tolerantlıq Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas paradiqmalarındandır. Ölkəmizdə dinlərin qarşılıqlı dialoqu, konfessiyalararası münasibətlər vətəndaş cəmiyyətinin əsas davranış prinsiplərindən biri kimi çıxış edir. Bu uğurlu multkultural model qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

Tolerantlıq mühitini qoruyub saxlamaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu model inteqrasiya üçün yeni çağırışlarıdır.

Belə siyasət  Bakıya öz siyasətini qurmağa və siyasi əməkdaşlıq platformasını yaratmağa imkan verir. Azərbaycan bəşəri mesajları ilə həm də problemlərin həll yolunu da təklif edir, qlobal təhlükələrə qarşı mübarizədə özünü fəal tərəfdaş kimi göstərir.

Bu çağırışlar öz növbəsində vətəndaş həmrəyliyini möhkəmlədən sutuna çevrilməklə dövlətin təhlükəsizliyi üçün zəruri faktor kimi çıxış edir.

Cəmiyyətin həmrəyliyi və konfessiyalar arası əməkdaşlıq və birgə yaşam dövlətə qarşı kənar qüvvələrin apardığı paraçalanma cəhdlərinə qarşı sipər yaradır, ölkənin milli təhlükəsizliyinə olan təhdidləri neytrallaşdırır. Çağdaş dövrdə dini dözümsüzlük, birgəyaşayış prinsiplərinin dağıdılması cəhdləri dövlətlər üçün yeni təhdidlər doğurur.

Bu təhdidlərin neytrallaşdırılmasında etnik-dini-mədəni birlik milli təhlükəsizliyin əsas elementlərindən biri kimi çıxış edir.

Azərbaycanın təhlükəsizliyi burada yaşayan bütün xalqların dinlərinin və ənənələrinin sabit inkişafı deməkdir. Odur ki, tolerantlıq prioritetlərin müdafiəsi vacib məsələlərdəndir. Azərbaycan dünyaya özünün mədəni birgəyaşayış nümunəsini və tolerantlıq ideyalarını təqdim etməklə bu gün dünyanı öz girdabına salmış milli və dini ksenofobiyanın acı gerçəkliyinə qarşı humanist mesajını ortaya qoyur.

Neçə illərdir ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkan kimi çıxış edir. Dövlətimizin dünyaya təqdim etdiyi tolerantlıq modeli xalqların dostluq və birgəyaşamasını təsdiq edən sistemdir.

R.Vahidqızı

Yazı MEDİA Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.