“Cənub Qaz Dəhlizi” layihəsinə 2020-də nə qədər sərmayə qoyulacaq? –

Məbləğ açıqlandı
21 Yanvar 2020 - 11:21

2020-ci ildə Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-nin “Cənub Qaz Dəhlizi” layihəsinə investisiyalar üzrə proqnozu təxminən 181 milyon dollara bərabərdir.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəisi İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu günədək “Cənub Qaz Dəhlizi” QSC layihələrdən alınan gəlirlərdən, nizamnamə kapitalından və borc vəsaitlərindən istifadə etməklə “Cənub Qaz Dəhlizi”nə 9,9 milyard dollar investisiya qoyub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.