“Cəmiyyət məmurun həbs edilməsinə toy-bayram kimi yanaşır” –Deputat "bu nə ritorikadır?" sualını ünvanladı

Deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, hər bir deputat, hər bir vəzifəli şəxs öz davranışları ilə nümunəvi olmalıdır.

R.Nurullayev deputat həmkarı Eldəniz Səlimovla bağlı müzakirələrdə bunları söylədi: “Vəzifə xidmət üçündür, bunu unutmaq olmaz. Bu gün biz bizim üçün də çox ağrılı və məşəqqətli bir məsələni müzakirə edirik və açığını deyim ki, çox üzülürəm. Bu bizim hamımızın belə demək olarsa faciəsidir. Şəxsən mənim üçün faciədir. Çünki, bu müzakirə bütövlükdə parlamentin nüfuzuna təsir etmək gücündədir və edəcək. Həm də fürsət qovlayan nə qədər insan var ki, onlar bu məsələni və müzakirəni parlamenti vurmaq və gözdən salmaq üçün istifadə edir. Hər kəs qanun qarşısında bərabərdir. Bundan sonra, hər bir vəzifəli şəxs daha qanunsevər və sadə olmalıdır. Fürsətdən istifadə edərək, iki məqama diqqət çəkmək istəyirəm. Bu da cəmiyyətin xeyli aqressivləşməsi və vəzifəli şəxslərin cəzalandırlmasına, vəzifədən qovulmasına, həbs edilməsinə toy-bayram kimi yanaşmasıdır. Bunun bir səbəbi bəzi vəzifəli şəxslərin vətəndaşları davamlı olaraq narazı salması, onları yerli-yersiz incitməsi, bəzən isə anadan əmdiyi südü burnundan gətirməsidirsə, digər səbəbi isə bir qrup insanın cəmiyyətdə davamlı olaraq qarşıdurma yaratmağa, narazılıqları böyütməyə, hər düşən fürsətdən faydalanaraq ölkəni təlatümə sürükləyib qarışıqlıq salmaq cəhdləridir. Bunların içərisində çoxluğu xaricdə rahat və təhlükəsiz yerlərdə oturub 24 saat nifrət və söyüş püskürənlər təşkil edirsə, bir qismini də ölkədə olan bəzi siyasilər və onların təsir edib başını döndərdiyi vətəndaşlar təşkil edir”.

R.Nurullayev ardınca xəbərdarlıq etdi: “Amma, bilin ki, öz deputatına güzəşt etməyən YAP sizlərin də ani səhvində güzəşt etməyəcək. Fürsət qovlamaq, hər küncdə-bucaqda qurşaqdan aşağı zərbə endirməyə, pusquda yatıb səhv gözləyib ondan istifadə etməyə çalışmaq insani hiss deyil və siyasətçiyə yaraşmaz. Çünki, bu siyasətin də iki başı var və o biri başı gəlib öz təpənizi əzəcək. Üçüncü məsələ isə cəmiyyətin qəddarlaşmasıdır. Kim qanunu pozubsa, qanun var, hüquq var, tədbirini görəcək. Amma, hər dəfə qanundan kənar çağırışların sayı kimyəvi reaksiya sürəti ilə artır. Kəsək, öldürək, asaq, yandıraq, ayağına daş bağlayıb dənizə ataq, dərisini soyaq, dirnaqlarını kəlbətinlə çəkib qopardaq, gözlərini oyaq, qaz kamerasında boğaq, təyyarəylə göyə qaldırıb başıaşağı tullayaq. Bu nə yanaşmadır, bu nə ritorikadır axı? Bu şəkildə cəmiyyət hara yuvarlanır? Qanunları sevək, hörmət edək və dövlətin yanında dayanaq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Aİ-98” markalı benzinin qiyməti bahalaşdı

Sonrakı məqalə

“Sən fəxr elə ki, səni Milli Məclisin deputatı döyür” –