İnsanlar adətən gələcəkdə əldə etmək istədikləri məqsədlərin siyahısını hazırlayırlar. Lakin psixiatrlar bunun əksinə olaraq, artıq həyatda əldə edilənləri xatırlamağın əhval-ruhiyyəyə müsbət təsir göstərə biləcəyini bildirirlər.
“Əks arzu siyahısı” adlandırılan bu üsul insanın diqqətini çatışmayanlardan əldə etdiklərinə yönəltməyə və gündəlik stressi azaltmağa kömək edə bilər.
Bu barədə Today.com yazır.
“Əks arzu siyahısı” nədir?
Psixiatr Sue Varma insanlara gələcəkdə reallaşdırmaq istədikləri arzularla yanaşı, artıq həyata keçirdikləri məqsəllərin də siyahısını hazırlamağı tövsiyə edir.
Məqsəd sadədir: insan özündən “Daha nəyə nail olmalıyam?” soruşmaq əvəzinə, “İndiyə qədər nələrə nail olmuşam və nələrə görə minnətdaram?” sualına cavab axtarır.
Məsələn, insan ilk işini, səyahətini, qurduğu ailəni, əldə etdiyi uğuru, çətin vəziyyətdən çıxmasını və ya uzun müddət arzuladığı bir işi həyata keçirməsini siyahıya daxil edə bilər.
Bunun stressə nə aidiyyəti var?
Mütəxəssislərin fikrincə, xoş xatirələrə və şəxsi uğurlara fokuslanmaq diqqəti mənfi düşüncələrdən yayındıra bilər. Minnətdarlıq hissinin beyində xoşbəxtlik və məmnunluqla əlaqəli prosesləri stimullaşdırdığı bildirilir.
Bu yanaşmanın müntəzəm tətbiqinin stress və narahatlığın azalmasına, yuxunun yaxşılaşmasına və insanın özünü daha müsbət qiymətləndirməsinə kömək edə biləcəyi qeyd olunur.
Cəmi 10 dəqiqə kifayətdir
Məşqi həyata keçirmək üçün sadəcə kağız və qələm lazımdır. Təxminən 10 dəqiqə ərzində insan həyatındakı ən dəyərli və xoş hadisələri xatırlayaraq onları yazır.
Lakin məqsəd sadəcə mexaniki şəkildə “evim, ailəm, uşaqlarım” kimi sözləri sadalamaq deyil.
Yel Universitetinin psixologiya professoru Lori Santosun fikrincə, bu proses formal xarakter daşımamalıdır. İnsan konkret hadisələri xatırlamalı, həmin an keçirdiyi hissləri yenidən yaşamağa çalışmalıdır.
Məsələn, “səyahət etmişəm” yazmaq əvəzinə, “illərlə arzuladığım şəhəri gördüm və həmin gün özümü necə hiss etdiyimi xatırlayıram” kimi konkret məqamları qeyd etmək daha faydalı ola bilər.
Beləliklə, “əks arzu siyahısı” insanın diqqətini gələcəkdə çatışmayanlara deyil, artıq sahib olduğu və əldə etdiyi dəyərlərə yönəldir. Bu isə xüsusilə stressli və çətin dövrlərdə həyata fərqli baxmağa kömək edə bilər.
Sunay Aydın