Çavuşoğlu Parisdə Dağlıq Qarabağı müzakirə edib

“Bəzi məsələlərə görə yaranmış gərginliyə baxmayaraq Türkiyə və Fransa dost münasibətlərini davam etdirəcəklər”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyənin xarici işçlər naziri Mövlüd Çavuşoğlu Fransanın “L’Opinion” qəzeti üçün yazdığı məqalədə qeyd edib: “Türkiyə və Fransa iki dost və müttəfiq ölkədir. Və belə də qalacaqlar. Biz elə etməliyik ki, bu dostluq münasibətlərinə narahatlıq yaradan anlaşılmazlıqlar baş verməsin”.

Nazir bildirib ki, Ankara və Paris arasında iki müttəfiq ölkə üçün xas olmayan gərginlik dövrləri də olub. Çavuşoğlu yazır ki, hazırda Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyip Ərdoğan və Emmanuel Makron arasında birbaşa təmaslar onlara iki ölkə arasındakı bağları möhkəmləndirmək imkanı verib.

Çavuşoğlunun sözlərinə görə Türkiyə və Fransa Liviyada da ortaq maraqlara malikdirlər. Paris və Ankara bu ölkənin birliyini, onun qanuni hökumətini və davamlı atəşkəsi dəstəkləyir. Türkiyə xarici işlər naziri bunu da deyib ki, Türkiyə ilə Yunanıstan arasında ixtilaf da artıq sakit dialoq axarında həll olunur.

O bildirib ki, Türkiyənin heç vaxt ekspansionist məqsədləri olmayıb.

Türkiyə naziri Azərbaycan və Ermənistan arasındakı gərginliyə də toxunub. O deyib ki, Türkiyə və Fransa burada hər iki xalqı mənfəətləndirəcək davamlı sülhün dəstəklənməsində birgə çalışa bilərlər: “Tarixdən sui-istifadə və ya onun təhrif edilməsi heç vaxt mübahisələrin çözümünü və ədalətin icrasını mümkün etməyib”.

Çavuşoğlu bildirib ki, “ekstremist ermənilərin” Türkiyə-Fransa münasibətlərini girov etməsinin qarşısını almaq mümkün olsa, bu iki ölkə Cənubi Qafqazda stabilliyə daha yaxşı töhfə verə bilər.

Çavuşoğlu daha sonra Türkiyənin Balkanlarda və Avropa İttifaqının transatlantik siyasətlərində “tamamlayıcı” rol oynamasından danışıb.

Nazir bir daha vurğulayıb ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması NATO üçün təhlükəsizlik riski yaratmır və Ankara bu məsələyə realist əsasda və konstruktiv dialoq vasitəsilə baxmağa hazırdır.

Çavuşoğlu iddia edib ki, ötən il Türkiyənin Fransa gəmisini qısnaması barədə iddialara baxmayaraq, Ankara müttəfiq gəmiyə qarşı düşmən hərəkətə yol verməyib.

Nazir vurğulayıb ki, NATO-nun ikinci böyük ölkəsi olan Türkiyə Fransaya terrorla mübarizədə dəstək verməyə hazırdır.

Türkiyə naziri deyib ki, Ankara Avropa İttifaqına üzvlük niyyətinə sadiqdir. O qeyd edib ki, Türkiyə Avropa ölkəsidir və Ankara Parislə şərik olduğu Avropa dəyərlərinə töhfə verməkdə davam edəcək.

Çavuşoğlu vurğulayıb ki, bu kimi məsələlər iyunun 18-20-də Antalyada keçiriləcək və Fransa xarici işlər nazirinin də dəvətli olduğu Diplomatik Forumda müzakirə olunacaq.

Mövlüd Çavuşoğlu Parisə ikigünlük səfərini ötən bazar günü, iyunun 6-da başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qanı təmizləyən üç tərəvəz hansıdır?

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi