Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-ci dəqiqədə Ferlan Mendi olub.

Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırıb.

Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.

Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhər məktəblərində təhsilin nəticələri rayon məktəbindən daha yüksəkdir –

Sonrakı məqalə

Baydenin İran siyasətinin qarşısında hansı çətinliklər durur?