CIA-nın gizli missiyasının gözlənilməz nəticəsi –Əmirlik ABŞ-ın süni intellektinə çıxışı necə əldə etdi?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərqdə həyata keçirdiyi məxfi missiya gözlənilməz nəticə verib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerli texnologiya şirkəti G42-nin Çinlə əlaqələrini araşdırmaq üçün göndərilən yüksək vəzifəli CIA rəsmisi Conni Gennon son nəticədə əməkdaşlığın qarşısını almaq əvəzinə, Əbu-Dabinin ABŞ-ın qabaqcıl süni intellekt texnologiyalarına çıxış əldə etməsinə yardım edib.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal qapalı proseslə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Gizli missiyanın məqsədi

Məlumata görə, 2023-cü ildə CIA-nın Lenqlidəki rəhbərliyində general-mayor səviyyəsinə uyğun vəzifə tutan Conni Gennon adi diplomat qismində BƏƏ-yə ezam olunub. Əslində isə o, CIA-nın ölkədəki rezidenturasına rəhbərlik edib.

Onun əsas vəzifəsi BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayedin kuratorluq etdiyi G42 holdinqinin etibarlılığını qiymətləndirmək idi. Vaşinqton ABŞ-da istehsal olunan ən müasir yarımkeçiricilərin və süni intellekt texnologiyalarının BƏƏ-yə ötürülməsi zamanı məxfi alqoritmlərin Çinə sızmayacağına əmin olmaq istəyirdi.

Çinlə əlaqələr narahatlıq doğururdu

ABŞ kəşfiyyatı xüsusilə Çin tərəfindən sənaye casusluğu riskindən ehtiyat edirdi. Şübhələri artıran amillərdən biri də G42 şirkətinin rəhbəri Pen Syaonun əvvəllər genişmiqyaslı rəqəmsal izləmə sistemləri hazırlayan DarkMatter şirkətinin törəmə qurumuna rəhbərlik etməsi idi. Bundan əlavə, ABŞ agentləri G42 rəhbərliyinin Çin dövlət şirkətləri ilə davamlı əlaqələr saxladığını müəyyən etmişdilər.

Kəşfiyyatçı diplomata çevrildi

Lakin Conni Gennon klassik kəşfiyyat fəaliyyəti ilə kifayətlənməyərək daha çevik taktika seçib. O, faktiki olaraq ABŞ hökuməti ilə G42 rəhbərliyi arasında qeyri-rəsmi vasitəçi rolunu oynayıb. Gennon Vaşinqtonun tələblərini Əmirlik tərəfinə çatdırır, eyni zamanda ABŞ-ın əldə etdiyi məlumatlar BƏƏ rəhbərliyinin vədləri ilə üst-üstə düşmədikdə bunu diplomatik şəkildə onların diqqətinə çatdırırdı.

Bu yanaşma nəticəsində G42 bir sıra ciddi addımlar atmağa məcbur olub.

Huawei avadanlığı söküldü

Şirkət korporativ şəbəkədən Çin telekommunikasiya nəhəngi Huawei-ə məxsus təxminən 150 milyon dollar dəyərində avadanlığı tamamilə çıxarıb. Bundan başqa, amerikalı mütəxəssislərə şirkətin əməkdaşlarının yoxlanılması və məlumat emalı mərkəzlərində müntəzəm təhlükəsizlik auditləri aparmaq üçün rəsmi icazə verilib.

Ağ Evdə fikir ayrılığı

Conni Gennonun fəaliyyəti Co Bayden administrasiyasında ciddi müzakirələrə səbəb olub. Bir qrup hesab edirdi ki, BƏƏ ABŞ üçün strateji tərəfdaşdır və onu Çin təsirindən uzaq saxlamaq üçün çevik siyasət yürütmək lazımdır. Digər qrup isə CIA rezidenturasının rəhbərinin Əmirlik elitası ilə həddindən artıq yaxın münasibətlər qurduğunu və Çinin təsirinin tam aradan qaldırılmasına nail olmadığını düşünürdü.

Nəticədə razılıq əldə olundu

Sonda tərəflər kompromisə gəlib. ABŞ BƏƏ-yə yüksək məhsuldarlıqlı Nvidia qrafik prosessorlarının alınmasına kvota ayırıb. Bu qərar Yaxın Şərqdə Stargate UAE adlı iri süni intellekt klasterinin yaradılmasına imkan verib.

Conni Gennon isə 2025-ci ildə CIA-dan ayrılaraq özəl sektora keçib. Hazırda o, biznes məsləhətçisi kimi fəaliyyət göstərir və ABŞ müdafiə sənayesi şirkətləri ilə startaplarına BƏƏ rəhbərliyi ilə əlaqələrin qurulmasına dəstək verir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.