Mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanların acqarına bəzi qida və içkiləri qəbul etməsi sağlamlıq üçün ciddi problemlər yarada bilər. Mütəxəssislər bildirirlər ki, qastrit, mədə xorası və digər xroniki həzm sistemi xəstəlikləri olan şəxslər səhər saatlarında meyvə, meyvə şirəsi və qəhvə içməkdən çəkinməlidirlər.
Azpost.info xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq edib.
Mütəxəssislərin sözlərinə görə, meyvələr, təbii şirələr və qəhvənin tərkibində olan üzvi turşular mədənin selikli qişasını qıcıqlandıra bilər. Bu isə xüsusilə həzm sistemi xəstəlikləri olan insanlarda narahatlıq və ağrıların artmasına səbəb ola bilər.
Həkimlər belə şəxslərə günə mədəyə daha yumşaq təsir göstərən yulaf sıyığı kimi qidalarla başlamağı tövsiyə edirlər. Xüsusilə xroniki xəstəliklərin kəskinləşdiyi dövrlərdə meyvə və konsentratlaşdırılmış şirələrdən uzaq durmaq məsləhət görülür.
Əgər acqarına qəhvə içdikdən, meyvə və ya meyvə şirəsi qəbul etdikdən sonra mədədə narahatlıq yaranırsa, bu vərdişdən imtina etmək tövsiyə olunur.
Mütəxəssislər dərmanların qəbuluna da diqqət yetirməyi vacib sayırlar. Tərkibində asetilsalisil turşusu (aspirin) olan bəzi preparatlar acqarına qəbul edildikdə mədənin selikli qişasını zədələyə, qastrit və ya mədə xorasının yaranma riskini artıra bilər.
Bundan başqa, həkimlər səhər acqarına şirin qazlı içkilər içməyi də məsləhət görmürlər. Belə içkilərin yüksək şəkər tərkibi həzm sisteminə mənfi təsir göstərə bilər.
Onların fikrincə, səhərə adi su və ya mineral su ilə başlamaq daha faydalıdır. Bu, maddələr mübadiləsinin aktivləşməsinə kömək edir və orqanizmi qida qəbuluna hazırlayır.
Həkimlər qeyd edirlər ki, uzun müddət ac qalmaq da sağlamlıq üçün faydalı deyil. Lakin qidalanmaq imkanı olmadıqda, qazlı və şirin içkilərdən istifadə etmək əvəzinə, tam qidalanmaq üçün uyğun vaxtı gözləmək daha məqsədəuyğundur.